Fərhad Tapdıqoğlu  -  Cəmi 27 il yaşadı Babalar...

YAZARLAR 10:46 / 02.03.2026 Baxış sayı: 440

Bu gün ailəmizin sonbeşiyi ,qardaşım Babalar Tapdıq oğlu Məhərrəmovun şəhid olduğu gündür.

Bir qarlı qış günündə dünyaya göz açdı.Füzuli rayonunun Yuxarı Divanallar kəndində. 1967-ci ildə ,13 yanvar tarixində,nəhs gündə.

Baba ocağında yaşadığımız fani dünyaya ailəmizin sonbeşiyi gəldi.

Adını Babalar qoydular.

Bu adla babalarımızı yaşatmaq üçün.

Mərd,igid ,halal çörək yeyən babalarımızı yaşatmaq üçün.

O hələ körpə ikən Aşağı Divanalılar kəndinə köçdük.

Orta məktəbi oxudu,hərbi xidmətdə Rusiyada oldu.

Sürücülük vəsiqəsi olsa da,sovxozda işlədi.Ata-anamızla birlikdə qaldı.

1991-ci ildən könüllü surətdə torpaqlarımızın müdafiəsinin iştirakçısı oldu .

...Kəndimizdə torpaq sahəsi götürüb,ikimərtəbəli ev tikdirdi.O evdə bir gecəlik də olsa yaşamaq qismət olmadı ona.

1994-cü ilin mart ayının 2-də şəhid oldu.Beyləqanda Çərçis peyğəmbər qəbiristanlığında dəfn edildi.

...Müharibə bitəndən sonra ailə həyatı quracaqdı.

Halal zəhmətilə qazandığı pulla gələcək həyat yoldaşı üçün qızıl,parça,pal-paltar da almışdı.Aldıqları hamısı Hacı Zeynalabdin ( Nasosnu) qəsəbəsində bizim evdə idi. Hər bir şeyi həyat yoldaşımla seçmişdilər.

Aldıqları parçalar,pal-paltarların hamısını Babaların məzarı üzərinə tökdük...

...Şəhid qardaşım Surxay Məhərrəmovun ilinə bir həftə qalmışdı.

Surxayın il mərasimi ilə Babaların yeddi mərasimi bir günə düşdü.

Babaların toyunu mən edəcəkdim.

Babalar qardaşım,

"Kitab yazılı qaldı,

Əhdim pozulu qaldı.

Sənə toy eyləmədim ,

Qəlbim arzulu qaldı"...

"Elə baxma bu şana,

Arı qonmaz bu şana.

Getdin qayıtmaz yola,

Qoymadın bir nişanə"...

...Babalar qardaşımdan bir nişanə qalmadı.Mənim oğlum olmadığından onu həm də oğul bilirdik mənə...

Mənə oğul qismət deyilmiş,neynim...

(Şükürlər olsun Uca Yaradana qızlarım oğula bərabər qızlardır)

Cəmi 27 il yaşadı Babalar...Çox səmimi,mehriban idi Babalar...Heç bir kəsin xətrinə dəyməzdi.Uşaqlı-böyüklü bütün qohumlar,dostlar ,tanışlar onu çox istəyirdilər...

Nə yaşadı ki,qardaşım?!...

27 il...

Qışda dünyaya göz açdı,yazda şəhid oldu...

Yox,ölməyib Babalar,ölməyib...

Conuncu dəfə bizim evdə gecələyib( Kəndimiz artıq 1993-cü ilin aprel ayının 2-də düşmən tərəfindən işğal olunmuşdu) yola düşəndə qızlarımıza söz vermişdi ki,tez qayıdacaq...

Gözləri yollardadır qəzlarımın...Qayıtmadı Babalar...