Fərhad Tapdıqoğlu- Alçaq əməllərin üstünü nə qədər basdırsan da...

YAZARLAR 08:36 / 01.03.2026 Baxış sayı: 390

 

( hekayə)

... Həmid yuxudan oyandı,çarpayıdan qalxdı. Gərnəşdi,yüngül idman hərəkətləri elədi.

Uşaqların üstü açılmışdı,onların üstlərini örtdü,basdırdı.

Ayağa qalxdı,su başına getdi.

Vedrədəki suyu əlüzyuyana tökdü,əl-üzünü yudu.

Sonra dünən axşam tanışından alıb gətirdiyi bir neçə meyvə ağacını torpağa əkdi,basdırdı.Bir neçə ətirli qırxyarpaq qızılgül kolu da basdırdı.

...Nəzakət yuxudan oyandı,durdu,yuyundu.Ərinə səhər yeməyi hazırladı.

Sonra un əbədi,xəmir qatdı.Xəmirin üstünü qalın parçalarla örtdü,basdırdı.

Həmid səhər yeməyini yeyəndən sonra arvadı Nəzakətdən soruşdu:

--Elnurnan Səlim dünən niyə dalaşıblar?

Nəzakət:

--Uşaqdırlar da.Boş şeydir - cavab verdi.

Əslində onlar qəpik-qəpik oynayanda dalaşmışdılar.Nəzakət uşaqlarının bu davalarını ört-basdır elədi...

...Nəzakət çirkli,yuyulası paltarların üstünü basdırdı.

Sonra inəyi sağdı,südü bişirib çaldı,qazanın da üstünü basdırdı.

Həmid basdırdığı ağacların ,gül kollarının dibinə su tökdü,sonra arvadına səsləndi:

--Ay arvad,orda neynirsən,nə midilənirsən?

Nəzakət:

--A kişi,ev basdırıqdı,evi yığışdırıram-dedi.

... Nəzakət məktəbli oğlanlarının nadincliklərindən zinhara gəlmişdi.

Dağınıq mitilləri,pal-paltarları bir yerə yığa -yığa öz-özünə deyinirdi:

-- Görüm Sizi vurğun vursun, uşaqlar.Mənim nə qədər işim var.

Kürt düşən hinduşkanı basdırmalıyam hələ...

Nəzakət üç həftə əvvəl basdırdığı toyuğun cücə çıxarmasına baxdı.Təzə çıxan cücələrə yumurta bişirib ,əzib yedirtdi.

Sonra kürt düşən ana həştərxan ( hinduşka ) üçün yer hazırladı ,altına 18 yumurta qoydu.

Beləliklə kürd düşən hinduşkanı basdırdı.İnşallah 28 gündən sonra yumurtalardan hinduşka cücələri çıxacaqdı .

...Həmid getdi "alışma" ilə kəsilən dana ətindən aldı,basdırma elədi...

...Qonşu Dilarə arvad onlarla bir evdə qalan baldızı ilə dalaşırdı:"Ay ləçər, barmaqlarımı basıb,gözlərini çıxararam. Səni öləsən,yuyum öz əllərimlə basdırım."

...Nəzakət təndirə çörək yapdı.

...Həmid pəyəni kürüdü. Yağışdan qorumaq üçün otun,küləşin üstünü basdırdı .Zir-zibili, qoyun-quzuların,mal-qaranın ,atın yedikləri otun ,küləşin qalıqlarını yığıb ,ov vurub yandırdı,külünü çala qazıb basdırdı...

..."Dana basdırması" hazır oldu.

Ailə süfrə başına yığışdı.Həmid keçən il torpağa basdırdığı çaxır çəlləyindən bir şüşə çaxır doldurub, götürdü,bala-bala vurmağa başladı...

Uşaqlar basdırmaya girişdilər,basıb yeməyə başladılar...

..."Simsiz teleqraf " Əlif kişi təzə xəbərlə gəldi Həmid gilə: "Dövlət əmlakını mənimsədiklərinə görə bir neçə məmuru dama basıblar,damlayıblar"...

---Bəd,alçaq əməllərin üstünü nə qədər basdırsan da,açılır- düşündü Həmid..

Həə,bir də qonşu kənddə bir az pulu olan,hamıya "xox" gəlib "səni pulnan basdıraram " deyən birisinin ölüm xəbərini çatdırdı Əlif...

...Həmid qərara gəldi ki, sabah getsin o "pullu " adamın dəfninə,cəmisi bir neçə arşın ağla basdırılmağına baxmağa...

...Həmid köhnə ,qədimi taxtın üstünə uzandı,arvadını səslədi:

--Ay arvad,yatıram...Gəl üstümü ört,basdır...