Şakir Xanhüseyn - Bir söz demək gərəkdi ki...
***
Bir söz demək gərəkdi ki,
səni diksindirə kimsən;
Çox-çox əvvəldən gəlirsən,
bu dünyadan da qədimsən...
Bir söz əlini bir işə
diksindirsin, bir işdən tut;
Bir toxumu ək torpağa,
gücün yetən bir daşdan tut.
Bir sözdən qələm diksinə,
elə yaza, nəsə yaza;
Sadəcə kəlmələr deyil
naxış düzülə kağıza...
Bir sözdən- qəfil bir səsdən
ayağın diksinə, yola
Təptəzə izlər sala ki,
sabaha bir ümid ola.
Bir söz demək gərəkdi, hə,
diksindirə zamanı da;
Deyələr yerinə düşüb,
deyilib lap zamanında...