Firuz Mustafa - Əmin ola bilərsiniz
Bir neçə gündür ki, əfkar-ümuma AMEA-nın “yatan”, "mürgüləyən" və yaxud “yuxu bişirən” elm adamlarının fotoları səxavətlə təqdim olunur.
On illərlə həmin elm ocağında işləmişəm. İndi sizə bir “sirr” açmaq istəyirəm. Bilənlər bilir, mən sutkada cəmi 2-3 saat yatan bir adamam. Yəni “yatağan alimlərdən” deyiləm.
Amma və lakin...
Çox maraqlı bir söhbəti, məruzəni, mühazirəni, dialoqu, hətta ...verilişi dinləyərkən diqqətimi tam toplamaq, indiki “dildə” desək “fokuslanmaq” üçün gözlərimi bərk-bərk yumuram. Bu, mənə janrından asılı olmayaraq aparılan söhbətin mahiyyətini anlamaqda çox kömək edir...
O ki qaldı Azərbaycan elminin vəziyyətinə... Bir dəfə yazmışdım, yenə yazım: “Bu gün Rusiya elminin dünya elmindəki “çəkisi” (“Scopus” bazasının məlumatına əsasən) 2,5 faiz təşkil edir. İndi özünüz bizim “milli” elmimizin vəziyyətini təsəvvür edə bilərsiz.
Dəfələrlə dediyim fikri bir daha təkrar edirəm: Bizdə elmi kadrların kəmiyyət və keyfiyyətindən gileylənməyə əsas yoxdur. Sadəcə olaraq, elmin təşkili və idarəolunmasında islahatlar həyata keçirilməlidir.
Əmin ola bilərsiniz, çox tezliklə elmi təsərrüfatımızda belə bir köklü islahat keçiriləcək.