Arzu Əsəd - Təkcə döyüş meydanında deyil bu gün,hər yerdədir,

Ədəbiyyat 12:22 / 28.02.2026 Baxış sayı: 313

Təkcə döyüş meydanında deyil bu gün,hər yerdədir,

Müharibə dərindədir, beyinlərdə, qəlblərdədir.

Güc silahda, tətikdə yox, tətikdəki barmaqdadır,

Barmaqdakı istəkdədir, niyyətdədir, güc ruhdadır.

Zaman axır, dünya dönür təbəssümlər savaşında,

Məzlumların ahı sönür timsahların göz yaşında.

Müharibə aşkardadır, müharibə gizlindədir,

Vicdanların çölündədir, arzuların içindədir...

Qlobalist təfəkkürün allahlıq iddiasında,

Xaç gəzdirən terroristin "Allah Əkbər" sədasında.

Müharibə aşkardadır, müharibə gizlindədir,

Kəlmələrin çölündədir, cümlələrin içindədir,

Sözlər məsum, sözlər dustaq mənaların girovunda,

Ağla, zamana dirənən ehtiraslar buxovunda.

Müharibə aşkardadır, müharibə gizlindədir,

Həqiqətin çölündədir, yalanların içindədir

Kosmopolit düşüncənin şəriksiz təntənəsində,

Neftin, qazın qiymətində, dolların məzənnəsində.

Nə qarğışdır, nə lənətdir, donub qalıb ancaq Şərqdə,

Müharibə Yaxın Şərqdə, Orta Şərqdə, Uzaq Şərdə.

Harda müsəlman görürəm orda ölüm, qırğın, qada,

Raketləri tuşlayıblar göy üzündə Allaha da...

Tarix yenə göstərəcək, güc insanda, güc ruhdadır,

Güc bombada, raketdə yox, güc zorda yox, güc haqdadır.

Güc - Musanın, Məhəmmədin eşitdiyi o Səsdədir,

Güc - İsanın ölülərə üfürdüyü Nəfəsdədir.

Güc - idrakın genişliyi, kainatın sonsuzluğu,

Bu dünyaya, bu ömürə sığmadı ki insan oğlu.

Arzuları ona geniş, üfüqləri ona dardır;

Təməlində dünya ilə əzəli bir savaş vardır...