Ağaevli Əli Hacı -  Ver...

Ədəbiyyat 09:13 / 28.02.2026 Baxış sayı: 315

Bir az alın tərindən,

Bir az da göz yaşlarından

Ver,

qoyum yaramın üstünə !

Yaşamağın əzabından

çəkilmiş,

şəkil albomundan

Ver,

qoyum varımın üstünə !

Ürəyinin çöl ağrısını,

İçinin səssiz bağırtısını

Ver,

qoyum alnımın üstünə !

Olmağın dadı necədir,

Gündüzdür,ya gecədir ?!

Ver,

qoyum dilimin üstünə !

Belə ağrılı yaşamağı,

Ömrü-yük kimi daşımağı

Ver,

qoyum ölümün üstünə !