Aləmzər Sadıqqızı - Biri olmalı...
Biri olmalı insanın həyatında...
Onunla xəyallar qurmalı,
Nağıllar uydurmalı,
Sevgini anlatmalı,
Səndən özgə biri yoxmuş kimi davranmalı...
Gözəl olurdu həyat deyilmi?
Biri olmalı insanın ömründə...
Ağrıyırkən səninlə ağrımalı,
Əllərin üşüyürkən əlindən tutmalı,
Ürəyin buz kəsəndə isti sözlər söyləməli,
Saçlarında ağaran telləri oxşamalı,
Sözün bitdiyi yerdən səni götürməli,
təzə sətirdən başlamalı...
Gözəl olurdu ömür deyilmi?
Biri olmalı dünyanda...
Göydən ulduz dərməli,
Ay işığında gözlərinə baxmalı,
Dan yeri söküləndə səndən Günəşə salam deməyi bilməli,
Şər qovuşanda qapıdan girməli,
Əllərində sabah gedərkən söz verdiklərini gətirməli...
Gözəl olurdu dünyan deyilmi?
Bir fəsil olmalı ...
Ömrün beşinci fəsli..
Bahar çiçəkləri kimi,
Payız yağmurları kimi,
Bəmbəyaz qar kimi,
Qışdan sonra gələn yay kimi...
Çiçəkləri qədər ətir saçmalı ömrünə,
Dəniz kimi qoynuna almalı,
Saralan yarpaqlar arasından qıp-qırmızı almalar kimi gülümsəməli...
Omrün sevgi fəsli ...
Gözəl olurdu fəsillər deyilmi?
Biri olmalı...
Yuxularından çıxıb gəlməli,
Xəyallarından doğmalı,
Nağıllarından üç alma dərməli,
Ömrünü səninlə başlamalı,
Səninlə bitirməli...
Tutub əllərindən səni ozüylə cənnətə götürməli...
Ölümü belə sənə sevdirməli...
Gözəl olurdu ölüm deyilmi?
1.3.2026.