Ramiz Qusarçaylı -Dağıdın dünyanı, dağıdın getsin

Ədəbiyyat 13:34 / 02.03.2026 Baxış sayı: 450

 

Çürüyüb dəstəyi, tiri çürüyüb,

Ocağı çürüyüb, piri çürüyüb,

Yiyəsiz ölkələr diri çürüyüb

Dağıdın dünyanı, dağıdın getsin.

Can verir beş qara gücün əlində,

Qisasın əlində, öcün əlində,

Qalmışıq beş-altı gicin əlində

Dağıdın dünyanı, dağıdın getsin.

Əkin raketləri, əkin dənizə,

Dağları süpürüb tökün dənizə,

Yerin cəsədini bükün dənizə

Dağıdın dünyanı, dağıdın getsin.

Donbası basdırın kömür yerinə,

Ağ evi əridin dəmir yerinə,

Kremli yoğurun xəmir yerinə

Dağıdın dünyanı, dağıdın getsin.

Dinsiz “dindarları” taxta çıxarın,

Ələsti, Ərafı saxta çıxarın,

Əzin vücudunu, axta çıxarın

Dağıdın dünyanı, dağıdın getsin.

Rusu serbə qatın, farsı ərəbə,

Tehranı Beyruta, Şamı Hələbə,

Daha nə uğur var, nə də qələbə

Dağıdın dünyanı, dağıdın getsin.

Xəstə Asiyada şallaq böhranı,

Yoxsul Afrikada ərzaq böhranı,

Qısır Avropada əxlaq böhranı

Dağıdın dünyanı, dağıdın getsin.

Səhra ağılların dəvə dövrüdü,

Nəmli nağılların güvə dövrüdü,

Ta uran dövrüdü, nüvə dövrüdü

Dağıdın dünyanı, dağıdın getsin.

Xarab xislətlərə bayquş gətirin

Xaraba başlara pay-puş gətirin,

Hər zülmü, bəlanı tay-tuş gətirin

Dağıdın dünyanı, dağıdın getsin.

Məhv olub məhvəri, sınıb qanadı,

Şahın da, qulun da əli xınadı,

BMT ən böyük dəlixanadı

Dağıdın dünyanı, dağıdın getsin.

Böğun bələyində nəyi var, boğun,

Axıdın qanını, axıdın getsin,

Oxudun kəlmeyi şəhadətini

Oxudun son kərə, oxudun getsin,

Dağıdın dünyanı, dağıdın getsin.