Adilə Nəzər - MƏDƏD, YA HU
Mədəd, Ya Hu, üşüyürəm,
Ətək ver, büküm canımı.
Yalqızlıq oda bürüyür,
Tənhalıq sökür canımı.
Yaşılım saman olur hey,
Göy üzüm duman olur hey,
Hər sözüm aman olur hey,
Dağıdıb tökür canımı.
Cavabla, ya Rəbb çağrımı,
Alışdır sönən bağrımı.
Kül etmə, Eşq tək ağrının
Yanğısı çəkir canımı.
Bu dünya deyil eynimə,
Od, alov geydir əynimə,
Qurban verib Sevgilimə,
Eyləyim şükür, canımı.
ÇƏTİNDİR YA HU
Lütf eylə, söylə, Ya Hu,
Kimə yanım- yaxınım?
Kimdən qaçım, İlahi,
Qaçım, kimə sığınım?...
Ya rəhm eylə bu cana,
Ya ətəyin silkələ...
Qanad çalır quş kimi
Ürəyimdə bəlkələr...
Sudan yaranır insan,
Yuxuları kəşf olur...
Niyə əli dəyən yer,
Yanır, od-atəş olur...
Qeyridir dinlər, irqlər,
Nəfs şərə meyl edir.
Ağlayan gözlər fərqli,
Gözyaşları eynidir...
Adilə, haqq arama, -
Gecədə yox, gündə yox.
Səndə olmayan nəsə,
Deməli heç kimdə yox...
Saraylar günah yeri,
Günahsız küçə, tindir.
İlahi, bu dünyada
Adam doğulmaq asan,
Adam ölmək çətindir...