Xanlm İsmayılqızı - Şairlərin sirri olmaz, nəyi var göz qarşısında,

Ədəbiyyat 20:00 / 03.03.2026 Baxış sayı: 177

Şairlərin sirri olmaz, nəyi var göz qarşısında,

Heç kimə əyilməsə də, əyilər söz qarşısında.

 

Ömrü boyu düyün açar, ruhu da hissə yol olar,

Malı-mülkü olmasa da, haqqdan sərvəti bol olar.

Könüllü həbs olunandı, ona zindan gərək deyil,

Sinəsini döyəcləyən cəlladıdı, ürək deyil.

Onun üzü güləndə də içinə ağlayıb yazır,

Beynindəki fikirləri odunda dağlayıb yazır.

Nə məkanı, nə məskəni, nə də böyük otağı var,

Hamının yorğan-döşəyi, onun daşdan yatağı var.

Həmişə göyə boylanar, ayağın altını görməz,

Yeddi qatdan keçib gələr, yerin üst qatını görməz.

Cibində pul əvəzinə kağız-qələm daşıyar o,

Möcüzələr yaradaraq, möcüzəsiz yaşayar o.

Həyatını, zamanını, öz qanını içə bilər,

Bu dünyada ola-ola, o dünyaya köçə bilər.

Ümidi qırılsa belə, hər sözün gözündən keçər,

Qələmə tutunan şair, güllətək özündən keçər.

Şairlərin dili olmaz, susacaq göz qarşısında,

Canı dara çəkilsə də, baş əyər söz qarşısında.

2017.