Aləmzər Sadıqqızından İKİ ŞEİR

Ədəbiyyat 10:39 / 04.03.2026 Baxış sayı: 159

Üç nöqtələrim....

 

Mənə üç nöqtəni irad tutan dost...

Ömrüm üç nöqtədən asılı qalıb.

Qırx ildi bir adam çıxıb qapıdan,

O vaxtdan nöqtələr canımı alıb !

 

Suallar, nidalar kəsib qapımı...

Bir gözüm ağlayıb, bir gözüm gülüb.

Necə yaşamışam, hələ bilmirəm...

Mənim arzularım o gündən ölüb!

 

 

O üç nöqtələrdə o qədər sirr var...

Yağıblar ruhuma qar ,yağış kimi...

O gündən ömrümə nələr toxuyur,

Ağrı ilmə-ilmə, qəm naxış kimi!

 

Ömrüm də kəsişir üç bucaq kimi...

Bu kəsir taledən çıxa bilmirəm...

Mənim tənliklərim həll ola bilmir...

Ondan üç nöqtəni hələ silmirəm!

 

 

Nöqtələr danışır bitməyənləri...

Bitib tükənməyən dərdi sərimi...

Nəsimi bir dəfə soyulub dostum,

Hər gün həyat soyur mənim dərimi!

 

 

Həyat başdan -başa sözdü, nağıldı...

Nə yaşayan bilər, nə ölən bilər.

Hələ danışıram öz nağılımı...

Mən ölüb gedəndə nöqtələr bitər!

 

Nöqtələr Aləmi bitirsə bir gün...

Tanrı özü gələr məzarı üstə!

Bir yaşıl, bir bəyaz örtüyü çəkər,

Bir qəmli nağılın yazarı üstə!!!

 

3.3.2016.

 

 

Qırx ildi hər bayram səhər gedirsən...

 

Qırx ildi hər axşam ölüb gəlirsən!

 Heç vaxt səməni göyərtmədim...

Qorxdum ayrılıqlardan..

Anam atamı itirdiyim il ilk dəfə qoymuşdu səmənini...

Ömür boyu atamını ölümünü yıxdı səmənin üstünə...

Nə özümə ,nə anama deyə bilmədim...

Atamı Allah apardı... Bir dəfə dava eləmişdilər...

Anam bizi yığıb başına olmayan anasına pənah aparmışdı...

Tez -tez bizi öyrədirdi...

Məhkəmədə anamıznan qalırıq deyin...

Amma mən ürəyimdə" mən atamnan qalacam " deyirdim...

Atam anamdan daha doğmamdı...

Sevə bildiklərimin atasını sevmədim...

Sevmədiklərimin atasını... 

Mən özümə sevda deyil...ata axtarırmışam demə...

Amma bir gün nə özünü nə atasını sevmədiyim gəldi ömrümə...

O vaxtdan təzədən öldü atam..

Mən də qırmızı almaların üstünə atdım...

Atamın qırmızı alma söz verib gedibdə gəlmədiyini...

Mənə aldığı qımızı paltar və almalar qırmızı qanına boyandı deyə əynim qırmızıya , balalarım qırmızı almaya həsrət böyüdü....

Sözüm ona uşaqlar atalarını sevəndə bir az dözün haqsızlıqlara...

Yenilin uşaqların arzularına... Ayrılıq atasını sevməyən uşaqların haqqıdı...

Səməni bayramların...

Almalar xonçaların... Səməni göyərtməyən əllərim...

Yüz ağrı böyütdü...

Qırmızılar küsüb getdi isti ölkələrə...

Mən indi üşüyürəm bu bahar axşamında...

Səməni üçün...

Qırmızı üçün...

Və sənin üçün....

 

4.3.2016