Rafail Incəyurd Ismayilov - YENƏ...
And içirəm
özünü adamın üstünə salan
azad göyərçinlərin,
sahibsiz pişiklərin,
küçə itlərinin
aclıqdan təntiyib
yoxa çıxan qorxusuna,
And içirəm
ramazan lütfünə sığınan
kasıbın mətbəxindən gələn
şorba qoxusuna,
And içirəm
bomba səsinə alışan
müsəlman cocuqlarının
məsum yuxusuna...
And içirəm ki,
bu yazağzı
yerə baxıb, göyə baxıb,
dirçəlmək istəyəcək adamlar yenə.
Söz verirəm
dərsini bilməyən uşaq kimi
başını aşağı salan bayraqlara,
Söz verirəm
hər gecə yuxuma girib
xilqətin üzünə tüpürən ruhsal qınaqlara,
Söz verirəm
o dünyaya hazırlaşan
üzüqara qonaqlara,
Söz verirəm
“siz bizim işıqlı gələcəyimizsiniz”-
dediyimiz uşaqlara...
Söz verirəm ki,
yenə uğurla aldanıb,
yaşam xətrinə
hünərlə aldadacağıq
səsimizə yetənləri ,
ta göydən üç alma düşənə qədər...
04.03.26