ƏLƏSGƏR ƏLİOĞLU -İLK EŞQİN GÖYNƏYİ

Ədəbiyyat 19:19 / 12.01.2026 Baxış sayı: 351

 

Baxmazdım səbrimin sözünə bir vaxt,

Çıxmazdım ağlımın üzünə bir vaxt.

Dözməzdim o qızın nazına bir vaxt,

İndi ipə, sapa yatan olmuşam.

 

Taleyim üstümə işıq saçırmış,

Qəlbim hiss sarıdan sanki acımış...

Ömrümün güneyi çiçək açırmış,

Başımı quzeydə qatan olmuşam.

 

O eşqin yoluna daha bələdəm,

Amma çətin düşər bir də belə dəm...

Əlindən buraxıb ovu bərədə,

Gülləni havaya atan olmuşam.

 

Qurulu bir evdən necə keçim mən,

Təzədən nə adla gözəl seçim mən!?

Yollarda ləngimiş elə köçəm mən,

Yaylağa qış çağı çatan olmuşam!..

1981