Balayar Sadiq - BAŞIMIN DAŞI
Azadlığın güzgülənən,
Meydanların hanı, Vətən?
Ayna əvəzi könlümə
Bax, özünü tanı, Vətən!
İndi daha yer süpürür
Azadlıq hayqıran səsim.
Allahın yadından çıxıb,
“İncil” – səsim, “Quran” – səsim.
Vaxt vardı, qırğın düşürdü,
Yanaqda bir xal üstündə,
İndi şair təzim edir,
Bircə qarın yal üstündə.
Şəhid-şəhid damcılayır,
Ürəklərdən adın sənin.
Qarabağda itkin düşüb,
Bir ağız bayatın sənin.
Başıma düşən daşların
Sənsən elə ən böyüyü.
Mən cəhənnəm, qadan alım,
Bir az da, bir az da böyü.!!