Əşrəf Veysəlli - Gözü ayağının altını görmür

Ədəbiyyat 14:30 / 12.01.2026 Baxış sayı: 375

 

Bu qoyun sürüsü, bu at ilxısı,

Göydən yağan yağış, yerdən axan su,

Bu toyuq ferması, bu mal naxırı,

Bu zoğal arağı, üzüm çaxırı,

Zavod da,

fabrik də,

bazar da onun,

Araya çəkilən hasar da onun,

Onundur!.. Onunla nə işləri var.

Uca mərtəbəli göydələnləri,

Uca mərtəbəli söyüşləri var…

O öz tutduğunu tutur, buraxmır,

Millətə gözünün ucuyla baxmır.

Vətən bir dəfəlik yadından çıxıb,

Allaha bəndəlik yadından çıxıb.

Elə dediyini deyir bu adam,

Elə yediyini yeyir bu adam.

Heç kəs gözün üstə qaşın var demir,

Bu barlı payızın qışı var demir.

Boşqab yalayanlar yan yörəsində,

Quyruq bulayanlar yan yörəsində.

Göydə uçağı var, suda gəmisi,

Qışda da bar verir taxıl zəmisi,

O öz bildiyini heç kəsə vermir,

Gözü ayağının altını görmür.

Padşahla padçahlıq iddiasında,

Allahla allahlıq iddiasında.

Xəzinə işinə qarışıb başı…

Bu zalım oğlunun bəs nəyi çatmır?!

Sərvəti, dövləti başından aşır,

Təkcə sinəsində ürəyi çatmır.

2003- cü il.