Faiq Balabəyli - BİR UDUM SEVİNC İDİN

09:13 / 12.01.2026 Baxış sayı: 215

 

İndi bir ovuc suyun

təşnəsiyım, yanıram.

Amma bu isitiliyin

soyuğunda donuram,-

Som-soyuqdur hər tərəf...

Hər şey səndən başladı;

Bir udum sevinc idin

uduldun və sona çatdın.

Qoxunu ciyərimə

çəkmək nəsibim mənim,

yaxamda hələ də

gözlərinin nəmi var

köksüm dolu xatirə -

ötən günlər saxlayıb

gözlərinin nəmini

ağrı dolu sinədə,

nifrətim tutur hərdən

özümə də, sənə də.

Sarıçıçək otların taxıl zəmilərində

gözə çarpması kimi,

gəlirsən xəyalıma.

Yanıram o otların,

saralacaq halına...

Sapsari çiçəklərin dibində

yuvasız böcəklərin

ömrün yaşamaq nə xoş;

yetər ki susuzluğun

yetər ki səssizliyin,

yetər ki sənsizliyin

əzabından qurtulum

çəkim sənin qoxunu

ciyərimə bir udum...