İSMAYIL MƏRCANLI İMANZADƏ : - AĞLAMA, DÜNYANIN SONU DEYİL Kİ...

(Qürbətdə yaşayan kövrək qəlbli bir elqızıma)
Kimdir bulandıran baxışlarını,
Sərtliyin gördünmü “yoxuşlarını”?
Əlim çatmır siləm göz yaşlarını,
Ağlama, dünyanın sonu deyil ki?!
Hər kəsin alnında fərqli yazı var,
Nisgilin öz “ritmi”, öz “avazı” var.
Bəxtin-qismətin də çoxu-azı var,
Ağlama, dünyanın sonu deyil ki?!
Əcəli çatmasa adam ölmür ha,
Çoxu dərd əhlinə yaxın gəlmir ha!
Yetənin üzünə həyat gülmür ha,
Ağlama, dünyanın sonu deyil ki?!
Qəfil gələn bəla nə yüz, nə əlli,
Sığallı kəlmələr ümid-təsəlli.
Ən müşkül işin də bəllidir həlli,
Ağlama, dünyanın sonu deyil ki?!
Yaxşılar zülmətdə batıbsa ağla.
Yamanlıq yaxandan tutubsa ağla.
Dünyanın axırı çatıbsa ağla,
Ağlama, dünyanın sonu deyil ki?!
06.07.2022