İlham Qəhrəmanın  “Ulduzlu gecə"-si      “Merani”  nəşriyyatında  çap olundu

MƏDƏNİYYƏT 14:42 / 03.06.2023 Baxış sayı: 4381

Tanınmış şair İlham Qəhrəmanın Gürcüstanda yeni “Ulduzlu gecə” adlı şeirlər kitabı yayımlanıb. Gürcüstan Yazıçılar Birliyi Azərbaycan bölməsinin nəşrə hazırladığı kitab Tbilisidəki “Merani” nəşriyyatında çap olunub. Azərbaycanlı şairin  100-dən artıq şeirinin bədii tərcüməsi yer alan kitabda eyni zamanda müəllif haqqında bioqrafik məlumat da verilib. Şeirləri gürcü dilinə Bağatur Arabuli (Gürcüstan Yazıçılar Birliyinin sədri) çevirib. 152 səhifəlik kitabda gürcü oxucular şairin sevgi, tale və ictimai məzmun daşıyan şeirləri ilə tanış ola biləcəklər. Onu da əlavə edək ki, postsovet dövründə Cənubi Qafqaza şeirləriylə çıxan ilk azərbaycanlı şairimiz İlham Qəhrəmandır.  

İlham Qəhrəman yeni nəşr haqqında bunları deyib: “Ulduzlu gecə” xaricdə nəşr olunan 3-cü şeir kitabımdır. Bundan əvvəl 2şeirlər kitabım qonşu İranda əski əlifbada ana dilimizdə işıq üzü görüb. Kitabı vərəqləyən gürcü oxucusu onun adında olduğu kimi şeirlərdə də həyatın fəlsəfəsinə – qaranlıq və işığın həmişə bir-birini qovmasıyla assosiasiya olunduğuna şahilik edəcək. “Ulduzlu gecə” şair dostum, Gürcüstan Yazıçılar Birliyi Azərbaycan bölməsinin rəhbəri Allahverdi Təkləlinin təşəbbüsüylə tərcümə və çap olunub. Burdan ona minnətdarlığımı bildirirəm. 

Ümumilikdə isə Gürcüstandakı nəşr şairin indiyə qədər çap olunan on birinci şeir kitabıdır. “Ulduzlu gecə”nin redaktorları Allahverdi Təkləli, Qaraqaşoğlu, dizayneri isə Ömər Məmmədlidir.