Vaqif Bəhmənli : - Ümud yüklü qatar və uğur platforması
Umud Rəhimoğlunun 65 yaşı üzərinə
(Oçerk)
Proloq
İstədim sınayım, bir vaxtlar bədii ədəbiyyatla jurnalistika arasında keçid-körpü kimi təsnif olunan oçerk janrının dili ilə indi hansısa çağdaş mövzunu oxucuya çatdırmaq imkanı qalır, yoxsa elə bir imkan tükənib?!
Suala cavab tapmaq niyyəti ilə masamın üzərindəki noutbuku azca yana sürüşdürüb bir topa ağ vərəqi (A4-ü) əlimin altına qoydum və ötən əsrin jurnalistlərinin vərdişinə uyğun qaydada diyircəkli qələmə sarıldım...
1.
Məmləkətin ürəyi Bakı şəhərindən başlayan yollar vətənin müxtəlif istiqamətlərinə qan damarları misalında şaxələnir. Yaxud əksinə, ellərdən-obalardan baş alıb gələn yollar nəhayətdə qan damarları misalında Azərbaycanın ürəyi Bakı şəhərində birləşir, yollar yollara qovuşur.
Yolların adları da var, onlar səmtinə görə dəyişir – Şamaxı yolu, Quba yolu, Gəncə yolu, Astara yolu... Hətta, balaca bir şəhərə iki yol qalxır; Şuşanın Zəfər yolu...
Tarixin şəhadətinə görə bir zamanalar Böyük ipək yolu da bu cənnət ölkənin tən ortasından keçib gedirmiş...
Zatən, Azərbaycan elə mərhəmətli, pilə kimi yumşaq təbiətə malik bir diyardır ki, onun səthini qızıl tor kimi bürüyən yolların cəmini İpək yolu adlandırsaq, fikrimcə kimsə bizi qınamaz...
Dünyanın yollarına qovuşmayan yol kimə və nəyə gərək? Görünür möhtəşəm genişliyə can atması səbəbindən yollar mənsub olduqları coğrafiyanın hüdudlarına sığmır, qanadlı xəyala, əngin zəkaya malik insanın ayaq izlərindən yaranıblar deyə, elə hey sərhədləri yarıb keçirlər!
Hər necə olur-olsun səni, məni, onu, hamını mənzil başına çatdırmaq yolların alın yazısıdır.
Yollar nəhayətsiz sonsuzluğa məhkumdur! Və onlar qədimlərdəki kimi yalnız torpaq üstünə sərilən quru yollar deyil – indi hava yolu, dəniz yolu, dəmir yolları var. Onu insan yaradıb, sonda yollara sahib olan da insandır.
Yol.. İnsan... Obrazlı dşüncə nə vaxtdan bəri təlqin edir ki, elə insan da özündən başlayib özündə bitən yoldur! Buna dair yüzlərlə tutarlı örnək var. Və belə çıxır ki, ədiblərin insana yol rakursundan baxmaq cəhdləri gələcəkdə də davam edəcək...
İnsan yoldur; doğulmağı, boy atmağı, gəncliyi, qocalığı, taleyi ilə...
İnsan yoldur; yaşantıları, düşüncələri, xatirələri ilə...
İnsan, ən əsası, əməlləri ilə yoldur!
Nə yazıq ki, ulu yollar yolsuz bəndələrdən də xali deyil.
Və yolun yol olduğu gedənindən-gələnindən bilinər...
2.
Ömrü yola dönən adamı düşünüb, çəkib apardığı əməl yükü ilə insanlaşan yolu xəyal edirəm. Doğmalar, həmkarlar arasında dərhal yadıma düşənlərdən biri, bəlkə də birincisi Umud Rəhimoğlu olur.
Umud Rəhimoğlu – yol adam... Bu halal təyinat mübahisə açmaq üçün iynənin ucu qədər güman yeri qoymur.
Sizi əmin edirəm ki, onun keçib getdiyi və ya dönüb qayıtdığı yolları cəmləsək, onlar ekivator xətti boyunca Yer kürəsinin belinə bir neçə dəfə dolanar və bu hərəkət trayektoriyası uzaq səfərlər yolçusu Magellanın özünü belə heyrətə salar.
Umud Rəhimoğlunun bitib-tükənməyən səfərlər silsiləsi, böyük yol romanı onu yaxından-uzaqdan tanıyan hər kəsə bəllidir. Amma, bu səfərlərin aşırı turist həvəsi, səyahət intuziazmı ilə heç bir əlaqəsi yoxdur. Tarixdə çoxlu salnaməçi səyyahlar olub, onları da qətiyyən ziyarətçi turistlərin sırasına yazmaq olmaz, onlar gəzib dolaşdıqları yolları tarixləşdiriblər, axı onlar vətənin hansısa ciddi bir tapşırığını yerinə yetirmək üçün ölkələrdən ölkələrə adlayıb, uzaq-uzaq yollara çıxıblar.
Şair-publisist Gülşən Behbud Umud Rəhimoğlunun keçib gəldiyi həyat, fəaliyyət və yaradıcılıq yolunu dolğun şəkildə canlandıran kitabını haqlı olaraq “Təmənnasız missiya” adlandırıb. Umud Mirzəyev həqiqətən də missiya üçün doğulmuş nadir şəxsiyyətlərdəndir. Missiya təmənnasız olanda isə o yükü çəkib aparanın dəyəri ən azı iki qat artır.
Yol onu çağırır. Yolların sədasına hay verməmək olmaz. Onun səfərlərə tək yollanmağı zahiri səciyyə daşıyır. Bir insan ki, doğma və yad ölkələrə sənin, mənim... istəklərimizin hansısa bir hissəsinin, hansı şəkildəsə reallaşması üçün yollanırsa, demək axır mahiyyətdə sən də, mən də onunlayıq, onun yanındayıq.
Sanki, çoxdan əzbərimdə qalan bu misralar da özgə bir söz adamının deyil, məhz onun qələmindən çıxıb, qəlbidən süzülüb.
Olarmı gəzməsəm sirli aləmi,
Olarmı doyunca köhlən sıxmasam.
Üfüqlər qol açıb çağırır məni –
Yaşaya bilmərəm,
yola çıxmasam.
Bir bax, döşə qalxan, yüksələn, yenən –
yollardı, dolaşır belədən-belə.
Sən elə bir kəlmə - “yaxşı yol”- denən,
Sən elə sadəcə uğurlar dilə!
Yolların tozudu saçımın dəni
Gərək yola çıxıb küləyə verəm.
Əgər qorxudursa tənhalıq səni
Onda birgə gedək mən gedən yerə…
3.
Bəlkə, burda da bir rəmzi məna, işarət var ki, onun doğulduğu Aşağı Əbdülrəhmanlı kəndi Horadiz – Füzuli yolunun üstündə binə tutub. Bu yolu ötüb Horadizə çatmaq o vaxtın nəzəriylə dünyaya qovuşmaq deməkdi; çünki Araz qırağındakı o balaca, qaynar hərəkətli qəsəbədə dəmir yol vağzalı vardı.
Vağzal indi də durur, nə yazıq ki, otuz il pozuq qrafiklə, hərdənbir gələn qatarlar oldu, amma yoluna davam eləyəni olmadı – Zəngəzur, Naxçıvan ümid dolu gözünü illər boyu yollara dikib Bakıdan yola çıxan, gəlib orlardan ötməli olan qatarların həsrətini çəkdi, indi də çəkir.
Nəsə, mövzudan aralı düşməyək, daha doğrusu yolumuzu kəsə gedək...
1961-ci il fevral ayının 1-də, bax, bu Aşağı Əbdülrəhmanlı kəndində dünyanın dolanbac yoluna, öz taleyinin heç də hamar olmayan yoluna bir çocuq doğuldu. Təbii, qətiyyən kimsənin ağlına gəlməzdi ki, böyük bir rayonun ağsaqqalı Rəhim dayının ocağında Xanım ananın dünyaya gətirdiyi bu uşaq yollarla əkizdir, sanki, o, yollar eşqinə doğulmuşdu... O yollara yoldaş, yollar ona qardaş olacaqdı!
Umud bəy həm də ona görə “nadir nüsxələrdəndi” ki, onun “dünyaya səyahəti” doğulduğu gündən başlayır. Sözün ərk mənasında; məşhur tamaşada deyildiyi kimi – “Kərəmov yeriyər!”
Ata, ana və Umud daxil ailə 8 nəfərdən ibarət idi - dörd qardaş, iki bacı. Mən heç araşdırma aparmadım ki, Umud ailənin neçənci uşağıdır. Bəlli olan, daha doğrusu mənim özümü inandırdığım həqiqət belədir ki, o, dünyanın yeddinci möcüzəsi olmasa da sadə, ləyaqətli ailənin 8-ci möcüzəsi olmağı bacardı!
1968-ci ildə balacanı orta məktəbin birinci sinfinə qoydular. O zamanlar uşaqlar dərsə yeddi yaşdan başlayırdılar. Həyat yoldaşı, Umudla təqribən eyni illərdə eyni məktəbdə oxuyan Xalidə xanım tərəddüd etmədən təsdiqləyir ki, Umud ən nümunəvi şagird, məktəbin gözü idi. Dərslərini əla oxuyurdu. Hələ bu harasıdır, Füzuli rayonunda çıxan “Araz” qəzetində onun xırda məqalələri, qəlbi kimi kövrək şeirləri işıq üzü görməyə başlamışdı. Bu göstərici orta məktəbdə oxuyan mindəbir şagirdə qismət olardı, ya olmazdı!
Sonralar Umud bəy mənə danışırdı ki, “Araz” qəzeti bu rayondan çıxan qüdrətli nasir, dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyev, şair və yazıçılar - Çingiz Əlioğlu, Mətləb Misir, Əşrəf Veysəlli, Oruc Səda, Nemət Veysəlli, Seyran Səxavət, Vaqif Bəhmənli, Şükür Şənol, Mahmud Qacar, Əbülfət Mədətoğlu, Faiq Şükürbəyli, Məcnun Namazəliyev, Xanlar Əhmədov, Kərəm Hətəmov, Vaqif Mehdiyev, Süleyman Qaradağlı, Sabir Arazlı, Sabir Rüstəmov, Vəzir Hacıyev, Oqtay Ərgünəş, Vahid Əlifoğlu, Mayıs Kazımov, Mehman, Zahid Kazımov qardaşları... kimi onun da doğma ocaq bildiyi ünvan olub.
Əslində elə də dərindən fərqinə varmamışam, görüşlərimiz zamanı ən çox xatırlayıb ya qürur duyduğumuz, ya qəhərləndiyimiz anlar daha çox Füzulidə keçən günlərimizlə bağlıdır, indi də elədir.
Hələ bax, Umud gözlərini geniş açıb:
-Vaqif müəllim, yadındadı “Araz” qəzetinin redaksiyası, - soruşur, - oval şəkilli, oyma daşlı giriş qapısı əsil sənət əsəri idi. Heyif ki, vəziyyətimiz heç yaxşı olmadı, 30 il sərasər insanlar zillət çəkdilər, özümüz o qapıda, bu qapıda, yarıac, yarıtox... İllər boyu havamız, suyumuzla, süfrəmizin artıq-urtuğu ilə yallanan erməni vandallar təbiəti, havası, memarlıq quruluşu, coğrafi relyefi heyrətamiz olan Füzulinin daşını-daş üstə qoymadılar. Heç elə bil burda şəhər yox imiş. İşğaldan azad olunan günlərdə Ali Baş Komandan, Prezident İlham Əliyev törədilən fəlakəti bütün dünyanın gözü qarşısında ağır ittihamla qınadı, dedi ki, bax indi biz Füzuli şəhərini işğaldan azad etmişik, fikir verin, burada bircə dənə də olsun salamat qalmış bina tapmırıq ki, qələbə bayrağımızı oradan asaq.
Umud müəllim özünə xas tərzdə nəzərlərini yerə zilləyib, bir az susur və sözünün mabədini gətirir:
-Bax, indi sənnən danışıram, redaksiya binasının qoxusunu sanki yenidən duyuram, mətbəənin qurğusun, rəng qoxusu bütün otaqları bürüyürdü. Qəribədi, şəhər darmadağın olmuşdu, digəl, redaksiyanın oval tağbəndli giriş qapısı hansı möcüzənin sayəsindəsə dik duruyşunu qoruyub saxlayırdı.
Sonra o, valideynləri ilə gəlib məhz bu gözəl şəhərin quş südü, can dərmanı satılan gur, haylı-haraylı bazarından ayın-oyun aldıqlarını, ilk dəfə bu şəhərdə kinoteatrda filmlərə (əsasən hind filmlərinə) baxdığını, qədimi mədəniyyət evində konsertlər gördüyünü, “Şəlalə” restoranında dadından doyulmayan “qulyaş” yediyini, “Ərgünəş” ədəbiyyat birliyinin toplantısından ya əvvəl, ya sonra təzə mədəniyyət sarayının sırasındakı ikimərtəbəli, ağzınacan nəşrlərlə tıxalı-təpili kitab evinə girib bədii əsərlər aldığını sakit və kövrək səslə nağıl eləyir. Deyir, normal həcmdə, amma ki, o vaxtın pulu ilə qəpik-quruşa satılan şeir, hekayə kitablarını kəndə çatanacan elə avtobusda oxuyub başa vurumuş.
Bu yalnız Umud Mirzəyevin keçdiyi həyat yoludurmu? Belə təfərrüat Füzulidən çıxan əli qələmli yaradıcı insanların əksəriyyətinə aid edilə bilər; kiminə az, kiminə çox.
4.
Bir dəfə də dostum ərklə qolumdan yapışıb, sanki dediyinin tam həqiqət olduğuna inanmağımın təmənnasıyla, həm də bir az magik səslə dedi ki, qardaş, inan mənə, bizim dədə-baba evimizə, eləcə də Bakı şəhərində yaşadığımız mənzilimizə heç zaman haram tikə, bizim olmayan bir qara qəpik girməyib. Nəsillikcə nəyimiz olubsa, hamısı zəhmətlə başa gəlib. İndi baxıram, insanların əhəmiyyətli bir hissəsinin qazanc yolu qaranlıqdı, davranışlar, münasibətlər çox mürəkkəbləşib. Öyrəli türklərin bir lətifəsini eşitdim, xeyli güldüm və xeyli də halımıza acıdım. Bir gənc müxbir ağsaqqal kişidən soruşur:
-Baba, kaç övladın var?
-Dörd tane...
-Nə iş yapıyorlar övlatların?
-Biri mühəndisdi, biri memardı, biri imam...
-Bəs dördüncüsü?
-O, quldurdu, oğrudu...
-Elə nanəcibi niyə məhlədə saxlayırsan, qov getsin!
-Necə qovum, axı evə əkməyi, pulu-paranı gətirən odur...
O, altdan-altdan gülümsünür, türk şakasını özünəxas ciddi çağırışla tamamlayır:
- İndi neyləyək, gülək, yoxsa ağlayaq? Tək onu bilirəm ki, müdrik xalqımız, gözəl millətimiz, cənnət misalında vətənimiz var. Hər bir insanın borcudur ki, bu vətənin adına layiq olsun, şərəflə yaşasın!
Atalar düz deyib, insan quş kimidi, bir gün burdadı, bir gün orda. Üstəlik, bir yol söhbəti də var və bu yol müstəqim mənada deyil, dostumuzun obrazının ekvalenti rolunda çıxış edir.
Tale yaşa baxmır – Umud heç ağıla gəlməyən bir ölkəyə, Monqolustana əsgər gedəndə cəmi 18 yaşı vardı. O, Monqolustan ki, tarixi və əfsanəvi Çingiz xanın vətənidi, Türk dünyasının da laqeyd olmadığı, müştərək izlər saxlayan Orxon abidələri də indi cəmi-cümlətanı 3 milyon əhalisi (!), 1,5 milyon kvadratkilometrdən çox ərazisi (!!) olan Monqolustandadır. Umud belə bir ölkədə əsgərlik çəkdi. Təsadüfənmi? Yeri gəlmişkən, akademik Nizami Cəfərov da Rəhimoğludan bəhs edən məqaləsində “Monqolustanda əsgərlik qismətinə” həssas və eyhamlı yanaşıb. Bəlkə ulu bir ruhun cazibəsi hələ sümüyü bərkiməyən bu gənci qanadlarına qaldırıb Orxon abidələrinin tarixi məkanına qəstən aparmışdı? Bəlkə orada gənc bir insanın canına-qanına işləyən fövqəladə təpər və fərqli hissiyyat sonralar Umudu Qarabağın tarixi abidələri, mənəviyatı, mədəni irsi, zəngin düşüncəli insanları haqqında çoxsaylı yazılar yazmağa, qədim kəhrizlərin gözünü açmağa, dədə-baba məzarlarını bərpa etməyə ruhlandırmışdı?! Bəlkə gənc şair aşağıdakı bu misraları qələmə almaq üçün gedib Monqolustanın uzaq sərhədlərinə düşmüşdü?..
Mənim kipriklərim sərhəd dirəyi,
Ətalət gözümə yol tapmaz yatam!
Sinəmin altında əsgər ürəyi,
Özüm sülh arzulu bir kainatam!
5.
Umud müəllimin ömürnaməsindən, əlbəttə, şərti olaraq deyirəm, daha bir yol ayrılır, o yol gənc şairi çiyninə götürüb, ədəbiyyat, mədəniyyət ocaqları alovlanan Bakı şəhərinə gətirir. Bəlkə heç o özü də xatırlamaz; yəqin ki, yaradıcılığın böyük yoluna qədəm qoyan qardaşımızı Aşağı Əbdürrəhmanlı kəndindən atası Rəhim kişi özünün Qaz-53 markalı yük maşının kabinəsinə əyləşdirib Horadizə gətirmiş, Naxçıvan-Bakı qatarıyla böyük şəhərə - paytaxta yola salmışdı.
Əsgərlikdən vətənə yenicə dönən Umud Mirzəyevin 1982-ci ildə az bir müddətdə Sumqayıt şəhərinin İstilik Elektrik Mərkəzində çalışmağı onun 65 illik ömür yolunda təbii ki, xırda ştrixdir. Lakin, biz onu da bu yolun balaca qollarından biri sayaq. Ən azı oçerk qəhrəmanının portretinin bütövlüyü üçün bu, düzgün seçimdir. Ümumiyyətlə götürsək, həm gəncliyində, həm də indiki yaşında Sumqayıt şəhəri Umud müəllim üçün hər zaman doğma məkan olub. Görünür bu onunla bağlıdır ki, şəhər yarandığı gündən, ötən əsrin 40-50-ci illərindən üzübəri kənd insanlarının sığındığı, zəhmət meydanına qoşulduğu, yaşadığı yerdir. Onun da bu şəhərdə özü, qohumları yaşayırdı. İndinin özündə Umud Rəhimoğlu hansı insaniyyətlə Qarabağa can atır, eləcə də Sumqayıtda insanlarla təmasa tələsir, xeyirdən, şərdən qalmır. Sumqayıtlılar Umudu özlərininki sayırlar.
Hə, axı biz qısa dayanacaqdan sonra gənc Umud Mirzəyevi ali filoloji təhsil almaq üçün daha böyük şəhərə, Sovet imperiyasının paytaxtı Moskvaya yola salmışdıq. Umud Mirzəyev müsahibələrində bu fakta dönə-dönə toxunub. Məlum olan budur ki, gənc şairin şeirləri dövrün görkəmli sənət adamlarının diqqətini çəkib; Xalq şairi Fikrət Qocanın, Xalq yazıçısı Elçinin, şair, nasir Seyran Səxavətin xeyir-duasıyla və “Litinstitut”da seçim turunda əsərləri bəyənilib uğurlu imtahandan sonra tələbə həyatı başlayıb.
Umud hələ tələbə ikən qüdrətli söz ustadı Elçin onun şeirlər kitabının Moskvada, Ümumittifaq oxucu auditoriyası üçün nəşrinə belə bir maraqlı rəy vermişdi: “Umud Mirzəyev öz nəslinin ən istedadlı və böyük ümid verən azərbaycanlı şairlərindən biridir. Onun şeirlərində çoxlu təravət, işıq çalarları var. Onlar qeyri-adi və orijinaldır. U.Mirzəyevin seçdiyi mövzulara nəzər salanda görünür ki, onu müasir dövrün problemləri, ürəkdən sevdiyi doğma torpağının tarixi dərindən düşündürür və narahat edir. Şairin şeirləri yaddaqalan obrazlarla, parlaq metaforlarla zəngindir, lakin onların əsas dəyəri narahat, axtarışda olan düşüncədədir. U.Mirzəyev mürəkkəb müasir dövrü poetik baxımından dərk etməyə çalışır. Bütün bunlar ümid etməyə əsas verir ki, zaman keçdikcə gənc şairin səsi daha da möhkəmlənəcək və tam dolğunluq qazanacaq.”
Hamımızın əzizi, heç birimizin yoxluğuna inanmadığımız Elçin müəllimin aşağı-yuxarı 40 il öncə ürək genişliyi, gənc yaradıcı insana qayğıkeşliyi ilə seçilən bu rəyi sonralar hər mənada özünü doğrultdu. Umud Mirzəyev Ədəbiyyat İnstitutunun hörmət-izzətlə başa vurub vətənə qayıtdı. 1987-93-cü illərdə onun “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunan yazıları, “Ulduz”, “Azərbaycan” jurnallarında, almanatlardakı poetik və publisistik çıxışları istedadlı qələm sahibinin addımlarını möhkəmlətdi!
Mən bu yazını qələmə alarkən Umud Rəhimoğlunun şeir silsiləsini nəzərdən keçirməyi də zəruri saydım və həqiqətən o şeirlərdən süzülən “hərarət, təravət və işıq çalarları” şeirdən yaxşı başı çıxan 50 ilin şairini, yəni məni tərpətdi. Bu yöndə onun “Ulu sevgilər,ulu ürəklər”, “Doğulan körpəylə doğuluruq biz”, “Qoca qərib”, “Özümə oxşayan şeirlər yazım”, “Hamımız bir adamıq” və s. xüsusilə təsirlidir. O dövrdə Umudun şair niyyəti çox ciddi və siqlətli idi. O poetik yolun ən ətin reallaşan məqamına yetmək üçün həyəcanlanır, çaba göstərirdi. Yazırdı:
Qayıdıb, hər yoldan qayıdıb –
Qayıdım gecənin sevgilərindən,
Qayıdım gündüzün qış yuxusundan,
Qayıdım sürtülmüş cığırdan, izdən,
Qayıdım ütülmüş sığallı sözdən –
Qayıdım atamın oğlu kimi mən
Özümə oxşayan şeirlər yazım,
Yazım, misralarım torpaq rəngində -
Atama oxşasın!
Və sonra
Anamın ağappaq telləri rəngdə,
Anamın heç zaman sığal görməyən
Çörəyə oxşayan əlləri rəngdə
Şeirlər yazım.
Üzümə, gözümə çıxan şeirlər,
Sevdiyim gözəlin gözütək duru,
Ürəkdən üərəyə axan şeirlər,
Özümə oxşayan şeirlər yazım!
Umud Rəhimoğlunun bu şeiri müxtəlif baxış nöqtələrindən (mövzu, poetik qayə, bədii-estetik məziyyət) müfəssəl təhlilə layiqdir. Mən bu yükü araşdırmaçıların öhdəsinə buraxıram. Sadəcə ümumi şəkildə onu deyirəm ki, bu və əlimin altında olan digər şeirlərdə ötən əsrin 80-90-cı illərində yaranan milli poeziyamızın enerjisi, poetik qüdrəti ləyaqətlə ehtiva olunur.
6.
Bəs yaxşı, Umud Rəhimoğlu ümumən ədəbiyyatımıza gətirdiyi fərdi poetik-publisistik ovqatdan niyə gen düşüb, bunu bir özü bilir, bir Allahı bilir.
İndiki halda Xalq yazıçısı Elçinin xeyir-dua rəyindəki “onu müasir dövrün problemləri, ürəkdən sevdiyi doğma torpağın tarixi dərindən düşündürür və narahat edir” cümləsi üzərində yenidən dayanıram. Çünki Umud Rəhimoğlu Mirzəyevin 1992-ci ildən sonrakı həyatının mahiyyətini, onun “poeziyaya soyuqluğunun” səbəbini Elçin müəllimin bu cümləsi qədər heç bir dəyərləndirmə ifadə edə bilməz. Umud Mirzəyev poeziyadan elə bir məqamda qopdu ki, vətənin tifağı dağılırdı, özül daşları qopub tökülürdü.
Tökülən o daşlar sən idin, mən idim – daşlar daş deyildi, vətəndaşlar idi. Vətənə təmənnasız xidmətin forması, şəkli o qədər də əhəmiyyət daşımır. Uçan divarların altına çiyin vermək məqamı yetişmişdi. Açığı, belə uçurunun qarşısında dayanmağa çoxluğun həvəsi yox idi. Söz... söz isə aciz və çarəsiz görünürdü!
Əslində Umud bəy qəti qərarını hələ Moskvada olarkən vermişdi, bəlkə bundan da əvvəl Vətənin, Xalqın ən zəruri ehtiyaclarına qarşılıq vermək, doğma torpağın bir parçası olmaq təşnəliyi ona qanla ötürülmüşdü. 1988-ci ildə ana qohumları, irəliki deportasiya hadisələrində bir neçə nəsil əvvəl yaşamış əqrabalar Zəngəzurun allı-güllü ellərindən, obalarından zorla, hədə-qorxuyla, qətliamlarla qovulub çıxarılmışdılar.Qarabağın müqəddəs torpaqları, onun yüz dəfə, min dəfə gəzib dolaşdığı ellər, obalar erməni cəlladlarının tapdağı altında qan ağlayırdı.
İl... 1992.. Qara Yanvarda axıdılan qanın istisi hələ soyumamışdı. Onun təvəllüd tapdığı fevral ayı Xocalı soyqırımını günbəgün yaxınlaşdırırdı, Şuşa şahlıq taxtından düşmüşdü, düşmən Füzulini işğal edib Beyləqan aralığına yerləşmişdi.
Azərbaycanın boğulan səsini dünyaya çatdırmaq qaçqın və köçkünləri aclıqdan, yuvasızlıqdan qorumaq qədər fövqəladə vəzifə idi.
Umud Mirzəyev Moskvada birgə oxuduğu dostlarını, qələm yoldaşlarını -çağırdı, dəvət etdi... demirəm, onlari harayladı! Məhz belə bir xaosda meydana atılan Beynəlxalq Avrasiya Mətbuat Fondu Umud Mirzəyevin şah əsəri, yaradıcılığının zirvəsidi!
7.
Oçerk janrının tələblərinə uyğun olaraq bu yazının ikinci, ən əsas hissəsini inşa eləməyə başlamalı, ardıcıllıqla BAMF-ın öncə Umud Mirzəyevin düşüncəsində, Vətən sevgisi tarlasında göyərən, Azərbaycan həqiqətlərini bütün dünyaya bəyan etmək səlahiyyəti qazanan təşkilatın fəaliyyəti barədə ən azı yığcam tarixi, publisistik xronologiya yaratmalıyam.Təşkilat barədə alınan qısa konspekt həm də Umud Mirzəyevin tərcümeyi-halı, yaxud bu bioqrafiyanın ən əhəmiyyətli hissəsi deməkdir.
O xronologiyada yazılmalıdır ki, təsisçisi jurnalistlər, müxtəlif dövlətlərin nümayəndələri olan, baş ofisi Bakıda yerləşən BAMF-ın əsas vəzifəsi hərbi münaqişələrin baş verdiyi rayonlardan obyektiv informasiyanın toplanması, yayılması, tarixi, siyasi baxımdan öyrənilməsi və təhlili olmuşdur. Burada dədə-baba yurdumuz Qarabağ uğrunda ölüm-dirim mübarizəsinə dair informasiyalar ön planda idi – həmişə, otuz il ərzində belə oldu...
80-90-cı illərdə xarici jurnalistləri, deputatları, yaradıcı ziyalıları səfərbər etmək, onlari təmas xətti deyilən, əslində erməni quldurlarının silah-sursatlarla möhkəmləndirdiyi həyat üçün hər dəqiqə təhlükəli əraziyə aparmaq o qədər də asan məsələ deyildi. Toplanmış informasiyanı həm yerli, həm xarici mediada yerləşdirmək heç də havayı başa gəlmirdi.
Yazmalıyam ki, BAMF-ın təsir imkanlarını genişləndirmək üçün Umud Mirzəyev beynəlxalq statusun təmin olunmasına xüsusi diqqət yetirmiş, ciddi səy göstərmişdi.
Nəticələri sıralamalıyam , yazmalıyam ki BAMF Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının, Beynəlxalq Sülh Bürosunun, Beynəlxalq Mətbuat İnstitutunun üzvüdür. Təşkilat Azərbaycanda fəaliyyət göstərən bütün mətbuat qurumlarında, QHT birliklərində ən yüksək səviyyədə təmsil olunur.
Yazmalıyam ki, bu gün merdia və vətəndaş cəmiyyətinin inkişafı, qaçqınların və məcburi köçkünlərin problemləri, sülhməramlı aksiyalar və münaqişələrin həlli, icmanın inkişafı, nəhayət təhsil - ayrıntılarıyla beş istiqamətdə qətiyyətlə fəaliyyət göstərən qurum məhz Umud müəllimin, onun rəhbərlik etdiyi işçi korpusun gərgin və intellektual əməyi sayəsində BMT-nin İqtisadi Sosial Şurasının əsas məşvərətçi statusuna sahıb olmuşdur.
Yazmalıyam ki, təşkilatın dəstəyi ilə həm birinci, həm də ikinci Qarabağ müharibəsi zamanı yüzlərlə xarici jurnalist döyüş bölgələrinə səfərlər edib. Dünyaca məşhur Əl-Cəzirə media quruluşu bölgədəki həqiqətləri əks etdirən 5 filmdən ibarət sənədli telexronikanı dünya ictimayətinə çatdırıb.
BAMF 2000-ci ilin əvvəlindən BMT-nin inkişaf proqramının dəstəyi ilə mina təhlükəsizliyi üzrə mübarizə proqramına qoşulub, ANAMA-nın əsas partnyorlarından biridir.
BAMF hər il beynəlxalq tələblərə uyğun hesabatlar hazırlayıb yayır. Həmin sənədlərin təkcə bir ilinə aid toplusunu gözdən keçirmək yetər ki görülən işin necə böyük miqyasa malik olduğunu təsəvvür edək.
Hər ay, hər həftə yeniləşən ideyalar, daha bol ümidlər, daha ciddi uğurlar...
Məncə bütün bunlar məxsusi, ayrı bir oçerkin mövzusudur.
Epiloq
Biz kənd uşaqlarıyıq, o üzdən vağzalları çox sevirik. Axı qapalı mühitlərtən çıxıb dünyaya can atanları yola salan da, qarşılayan da vağzallardır. Uzun fasılədən sonra, yaxın macallarda güzarım Bakı dəmir yolu vağzalına düşmüşdü. İlahi, buralar nə qədər dəyişib, səliqə-səhman, müasir memarlıq, yeni avadanlıqlar, yüksək xidmət, geyim-kecimi xoş təəssürat oyadan yerli və əcnəbi insanlar... Adam buralardan ayrılmaq istəmir.
Bu da platformalar... abadlaşan, lakin təməl quruluşunu dəyişməyən platformalar ... sükutu dinləyirəm... Amma, nədənsə mənə elə gəlir ki, diktor son məlumatları elan edir: “Qatarı qarşılayan vətəndaşlar, 65-ci reys üzrə Qarabağdan gələn sürət qatarı ikinci platformaya qəbul olunur!”
65-ci reys varsa, demək – 70, 80, 90-cı... resylər də var!
Bizim Bakı şəhərində isə ümid, arzu və qalibiyyət yüklü o sürət qatarlarını qarşılayan platformaların sayı dörddür...
Bax, mənim köhnə stildə demək istədiyim yeni xəbər budur, bilmirəm yazı oçerk janrının tələblərinə cavab verir, ya yox?!