SÜLEYMAN ABDULLA - NƏ VARSA
Gedən getdi, qalan qaldı, yox gələn,
Əldən çıxdı çəm gətirən nə varsa...
Çox uzaqdı o aşırım, o bələn,
Ayrılığı cəm gətirən nə varsa.
Düşüb qaldıq toranında şər nəsə,
Gətirmədi bir oyunda zər nəsə,
Dərdmi deyim, qəmmi deyim,- hər nəsə,
Çəkməliyik qəm gətirən nə varsa.
Əvvəl-axır ağrı gəlir cana dov,
Başımızı aldatmağa çoxdu tov,
Bahar yağış, payız çiskə, qış qırov,
Durar gözə nəm gətirən nə varsa.
Dünya tüstü, dağlardı çən yuxumda,
Gecə-gündüz olubdur tən yuxumda.
Kimsən, bu vaxt nə gəzirsən yuxumda,
Bir yanğıdır şəm gətirən nə varsa...
Bəxt dediyin kimə əzab, kimə lağ,
Qismət başı aparmaqdır gora sağ.
Bu baharda çiçəkləməz bağça, bağ,
Bizimkidir kəm gətirən nə varsa.
06.02.2026.