Kamala Abiyeva Aydın Qızı· - QIYMA
İpə-sapa yatmır daha dözümüm,
Dara çəkir məni sənli xəyallar.
Qınasam da bu sevgidə özümü
Qıyma mənə ayrılığı nə olar?..
Tək bircə gün eşitməsəm səsini,
Elə bil ki, bu dünyada karam, kar.
Həsrətinlə sınama gəl sən məni,
Qıyma mənə ayrılığı, nə olar...
Gözlərinə baxmaq üçün darıxdım,
Gözlərimin sənə neçə sözü var.
Əllərinə toxunmaqçün darıxdım,
Qıyma mənə ayrılığı, nə olar.
Taleyindən nigarandı bu sevgi,
Ürəyində neçə qəmli arzu var.
Gör nə vaxtdı sərkardandı bu sevgi,
Qıyma ona ayrılığı, nə olar...
Qıyma mənə ayrılığı, nə olar?..