Ay Bəniz Əliyar - Sən gəl ki, evimin işığı yansın
Sən gəl ki, evimin işığı yansın,
Bilirsən, təkliklə olmayıb aram.
Gəl, aç pəncərəni ev havalansın,
Mən onsuz təklikdən havalanıram.
İndi bir metroda, ya bir qatarda,
Bir boş skamyada, bir ağac altda,
Unudub dünyanın dərdi-sərini,
Körpə uşaq kimi tutmaq əl-ələ,
Var ikən,
O əli tutmaq var ikən,
Düşünüb durursan,
O əl varmı? Yox!
Bu qədər bədbinsən, küskünsən yəni...
Bu qədər qırılğan, pərişan halda,
Üzünə tüpürmək gəlir həsrətin.
Tüpürmək?
Yox daha, eh, daha nələr...
Hətta tüpürcəyə heyifin gəlir,
Bircə öz-özünə gəlməyir heyfin.
Eh, dada bilmirsən bir şeir keyfin.
Yaman qapanmısan yenə içinə,
Sənə deməyiblər? Xəyalpərəstsən.
İnan, aldadıblar yenə də səni,
Bu yaşda, bu başda xəyalmı olar?
Belə vurhavura xəyalmı qalar?
Bir də görəcəklər dəli olmusan,
Bir boş ev, bir dəli, bir xəyalpərəst,
Üçü bir otaqda günaha batıb...
Qalanın sən uydur, mən gedim yatım.
"Yolumu gözləyir yenə bu külbaş",
Küçədə vurnuxan iti deyirsən.
O da təkliyinə quyruq bulayır,
Sən də təkliyinə boyun əyirsən.
Qızır hənirinə ev yavaş-yavaş,
Nə qədər qızar ki, kirayə evlər.
Bilirsən, hardasa evin üşüyür,
Üşüyür səninçün qapının iti.
Masada bir boşqab boranılı aş,
İçində boğulan şeir ağrısı.
Maşınlar nə yaman şütüyür belə,
Küçəyə təzəcə asfalt tökülüb.
Sən gəl ki, evimin işığı yansın,
Bilirsən, təkliklə olmayıb aram.
Gəl, aç pəncərəni ev havalansın,
Mən onsuz təklikdən havalanıram.