Ağamir Cavadın ŞEİRLƏRİ
AXTAR
Sevgi - gizlənpaç oyunu,
Mən gizlənim, sən axtar.
Gəz əslini, soyunu,
Saf eşqimə tən axtar.
Axtar yalan dünyanın
Talanmış haqq üzünü.
Eşqimi çıraq edib
Tap həyatda özünü.
Çalış, azma göyümdə,
Qəlbimi od, ocaq san.
Axtarsan, ürəyimdə
Allahı tapacaqsan.
ÖZÜNÜ AXTARIR DÜNYA
Nazdan düşmüş qarı kimi
Nazını axtarır dünya.
Kor ocağın qoru kimi
Közünü axtarır dünya.
Açıbdır fal kitabını,
Göyə tutub xitabını.
İtirib haqq-hesabını,
Düzünü axtarır dünya.
Ələyir qəm ələyini,
Çalır şeytan tütəyini.
Dostla halal çörəyini,
Duzunu axtarır dünya.
Sındırıb daş qəfəsini,
Ötmək istər nəğməsini.
Dara düşmüş haqq səsini,
Sözünü axtarır dünya.
Xərcləyir könül varını,
Qıra bilmir qəm torunu.
Geyinibdir astarını,
Üzünü axtarır dünya.
Yolun azıb qaranlıqda
Dayanmayır bir anlıq da,
Hey gəzir bu viranlıqda,
Özünü axtarır dünya.
* * *
Hər gün sənə doğru yol gəlirəm mən,
Sevginlə çağlayır sinəm, İlahi!
İnamın, imanım, məqamım eşqdir,
Eşq adlı ən ali dinəm, İlahi!
Könlümün ziyası, varı - məhəbbət,
Üzümün həyası, arı - məhəbbət,
Süfrəmin neməti, barı - məhəbbət,
Qəlblərdə əkilmiş dənəm, İlahi!
Sözümün nidası çəkiyə gəlməz,
Libası böyüyə, kiçiyə gəlməz.
Eşqim bu ümmanda ölçüyə gəlməz,
Yerlərə, göylərə tənəm, İlahi!
Qorumda bəslənən odam, atəşəm,
Qəmimdə gizlənib sevincim, nəşəm.
Hər axşam qüruba enən günəşəm,
Hər səhər doğulan günəm, İlahi!
Eşqindir cahana verən yaraşıq,
Zamandan zamana paylayır işıq.
Yüz iyirmi dörd min birinci aşiq,
Sonuncu Məcnunun mənəm, İlahi!
DAŞIN ALTDA
Zaman ömrü çalıb-çapar,
Dünya daşdır başın altda.
Unudulub çox yazılar,
Qalıb daş yaddaşın altda.
Bəxt atına olub süvar,
Qismətini atıb-tutar.
Bir ömürlük məsafə var
Gözün üstə, qaşın altda.
Hay verməsən, ün ölübdür,
İman yoxsa, din ölübdür.
Gör nə qədər gün ölübdür
Yaşadığın yaşın altda.
Məhəbbətdir ən ali din,
Ürəyində tutubdur bin.
Tükənməyən həyat eşqin
Nəğmə doğur döşün altda.
Hər nəfəs bir ocaq çatır,
Kim haqq alır, kim haqq satır.
Axtardığın min sirr yatır
Gördüyün hər daşın altda.
GEDİRƏM SABAH TƏRƏFƏ
Ucalıq dağ başındadır,
Yolum düşüb ah tərəfə.
Gecələr keşik çəkirəm,
Gedirəm sabah tərəfə.
Məni dərdlə yaşatdılar,
Sazla, sözlə daşıtdılar.
Savabıma daş atdılar,
Keçmədim günah tərəfə.
Min dağ aşıb, min yol keçdim,
İnsanlığı haqla ölçdüm.
Buta aldım, şərab içdim,
Üz tutdum Allah tərəfə.
SƏN ELƏ SEV Kİ...
Bir ömür hicrandı, vüsaldı sevgi,
Həyatın güc alsın eşq qiymətindən.
Sən elə sevil ki, sən elə sev ki,
Arzun çiçək açsın sədaqətindən.
Səma salam versin xoş sabahlara,
Səadət eşqiylə səslənsin azan.
Sən elə sevil ki, sən elə sev ki,
Sevgi nəğməsini oxusun cahan.
Qaytar o əvvəlki düz ahənginə
Qəm üstə köklənən bu şad dünyanı.
Sən elə sevil ki, sən elə sev ki,
Bu saf sevgin ilə yaşat dünyanı.
Xeyir əməllərlə yaşayıb-yarat,
Yolunda nə duzaq, nə də şər olsun.
Sən elə sevil ki, sən elə sev ki,
Ömrünün mizanı bərabər olsun.
Tanrının eşqiylə dolanır cahan,
Fələk də baş əyir bu şah qüdrətə.
Sən elə sevil ki, sən elə sev ki,
Dünya heyran qalsın bu məhəbbətə.
UCA ALLAH
Qəlbimdə od qalamısan,
Ürək dönüb saca, Allah.
Eşqə açıq olub hər an
Bu qapı, bu baca, Allah.
Zaman bənzər axan çaya,
Günlər dönür ilə, aya.
Yaratdığın bu dünyaya
Eşqlə açdım qucaq, Allah.
Yerin göyə salamıyam,
Müqəddəs haqq kəlamıyam.
Eşq odunun davamıyam,
Oldum eşqə ocaq, Allah.
Mizanımdır haqqın səsi,
Özün ayır yaxşı, pisi.
Rəhmlilər rəhmlisi,
Ucalardan uca Allah.