GÜLXASIN TƏƏCCÜBÜ - yazdı Coşqun Xəliloğlu
(Qısa hekayə)
90-cı illərin axırları idi. İstirahət günü olduğundan Alxas işə getməmişdi. Həyətdə əkdiyi göy-göyərti ləklərini sulayırdı. 4-5 yaşlı oğlu Gülxas da onun yanında idi. Birdən həyət darvazası bərkdən döyüldü və ardınca səs eşidildi:
– Alxas, ay Alxas.
“Bu ki , Nazimin səsidir. Ayın sonudur, yəqin işıq puluna gəlib,” – Alxas düşündü:
– Gözlə, gəlirəm.
Alxas gedib darvazanı açdı. Nazimlə mehribanlıqla görüşüb:
–Xoş gəlmisən, həmişə sən gələsən, – dedi.
Onlar bir müddət eyni idarədə işləmişdilər. Qonşu kənddə yaşasalar da eyni avtobusda işə gedib-gəlmişdilər. Eyni mağazanın, eyni yeməkxananın xidmətindən istifadə etmişdilər. Birlikdə neçə-neçə xeyirdə-şərdə olmuşdular. Qısası, yaxın dost olmasalar da, pis yoldaş da olmamışdılar.
İki il əvvəl Nazim maaşlar gecikdiyinə görə, öz istəyi ilə işdən çıxaraq İşıq idarəsində işə düzəlmişdi. İşi çətin deyildi, hər ayın sonunda sayğacı olanlardan sayğac üzrə, sayğacı olmayanlardan isə “Ənənəvi üsul”la işıq pulunu yığırdı. “Ənənəvi” sözü sizə qəribə gəlməsin. Bu üsulun mahiyyəti odur ki, vətəndaş işıq nəzarətçisinə müəyyən qədər nağd pul ödəyir və arın-arxayın, işıqdan kefi istəyən kimi istifadə edirdi. Nazim zirək oğlan idi. Diliylə ilanı yuvadan çıxarardı. Həm İşıq idarəsi və həm də kənd sakinləri ondan razı idilər.
Alxas köhnə iş yoldaşı ilə görüşməyinə çox sevindi. Sayğacın göstəricisinə uyğun borcu ödədikdən sonra onu süfrəyə dəvət etdi. Onsuz da nahar vaxtıydı, birlikdə bir qismət çörək yemək Allaha da xoş olardı. Alxas köhnə dostuyla görüşün şərəfinə masaya yarım litrlik şüşədə araq da qoydu. Onlar yeyib-içir, şirin-şirin söhbət edərək keçən günləri xatırlayırdılar. Arada Gülxas atasına yaxınlaşır, lazım olanda, qaşıq, duz, salfetka gətirirdi. Nazim əmi Gülxasa sual verəndə həvəslə cavab verirdi.
Balaca Gülxas baxıb gördü ki, atası həmişəkindən şəndi və hər dəfə kiçik stəkandakı sudan içəndən sonra ağzını turşutsa da, bir az keçmiş deyib-gülür. Nəhayət, dostlar yemək- içməyi bitirdilər, Nazim əmi əvvəl Gülxası, sonra Alxası qucaqlayıb öpdü və onlar mehribanlıqla ayrıldılar.
Aradan bir müddət keçmişdi. Nazimin xidmət etdiyi ərazini dəyişmişdilər. Onun əvəzinə nisbətən yaşlı Ağaəli dayını təyin etmişdilər. Ağaəli dayı oruc tutan, namaz qılan, dindar, xeyirxah bir adam idi. Heç kəsi narazı salmazdı. Problem olduqda onu bacardığı qədər yoluna qoymağa çalışardı. Bir gün o işıq pulunu yığmaq üçün Alxasgilə gəldi. Alxas da sayğacın göstəricisinə baxıb işıq pulunu ödədi.
Qonağa çay təklif edəndə Ağaəli dayı gülümsünərək razılığını bildirdi. Masaya çay, qənd, mürəbbə gəldi. Onlar çaylarını yenicə içməyə başlamışdılar ki, birdən əlində araq şüşəsi Gülxasın onlara yaxınlaşdığnı gördülər. Alxas əvvəl gülmək istədi, amma baxışları Ağaəli dayının narazı nəzəri ilə toqquşanda elə utandı ki… Heç nə demədən Gülxasın əlindən araq şüşəsini alıb, şkafın ən yuxarı gözünə qoydu.
Hələ çox şeyi anlamayan Gülxas təəccüblə atasına baxırdı...
06.02.2026