Nurafiz Hüseynovun ŞEİRLƏRİ

Ədəbiyyat 18:43 / 06.02.2026 Baxış sayı: 245

Beləcə bir ömür yubandım onda

Hələ ki, məktəbi qurtarmamışdım,

Ağzımın süd iyi yavandı onda.

Hələ ki, qəm məni otarmamışdı,

Tərsə sapmamışdı avandım onda.

Tələsdim, könlümü verdim o, qıza,

Blmədim kim uda, ya kim uduza.

Demə gedirəmmiş mən ağzı duza,

Hələ nə qanırdım, cavandım onda.

Yaman havalıydım, kefi kök idim,

Yerə sığışmırdımm, yerdə ,,yek” idim,

Hər sözü-söhbəti nizətək idim,

Oxa gəlməmişdi ov andım onda.

Elə bilirdim ki, dünya- o, qızdı,

Göylə əlləşəndə kəkliyim azdı.

Arzumu yazdığım dəftərim buzdu,-

Əridi, uçulmuş tavandım onda.

hələ at üstəydi eşqim, həvəsim,

Dlimdə diriydi sözümlə səsim.

Bir səhər qarşıma çıxdı nəvəsi,

Beləcə bir ömür yubandım onda.

Qul ömrüdü Şahınkı da, bilirəm

Nə dəyişər qızıldansa qəfəsi?

Ömür birdi, dəyişməz ki, dəfəsi.

Hara getsə sona varar nəfəsi,

Yol ömrüdü Şahınkı da, bilirəm.

Könül verməm dövləti bol gədəyə,

Əl də qoymam ümid yoran hədəyə.

Sığınmışam Tanrı verən vədəyə,

,,Ol” ömrüdü Şahınkı da, bilirəm.

Kimə qəsdsə, kimə yardım-qoy olsun,

Haqq – divanda ədalətə boy olsun.

Taxtda sultan olubsa da qoy olsun,

Qul ömrüdü Şahınkı da, bilirəm.

De, xəbərin varmı, ana

De, xəbərin varmı, ana?

Bir balan da köc elədi.

İçim çəkildikcə qına,

Göz yaşlarım beçələdi.

Bəlliymiş sonu bilimin,

Bitmədi ayı ilimin.

İlgəyi sındı dilimin,

Topuq çaldı, çeçələdi.

Sonasından küsdü gölüm,

Yağım oldu içim-çölüm.

Nə doğmaymış sənə ölüm,

Gəlib sizdə gecələdi.

Bacı

Bu dəfə Tiflis səfərim

Dən salmadı şuma, bacı.

Gündüzü pat eləsəm də,

Mat oldum axşama, bacı.

Qəm sıxdı can qəfəsini,

Sayammadım dəfəsini.

Mən ölmüş, son nəfəsini

Uduzdum ah – şama, bacı.

Bir vaxt sönən sacım oldu,-

Qardaş adlı acım oldu.

Eh... indi də bacım oldu

Bayatı, oxşama, bacı.

Kimlər uduzdurdu görən

Haqdan verilmişəm buta,

Bu bağlılıq eşq, ya xəta?

Ürəyində gizlətmə ta,

Yaş çıxarar üzə məni.

Qurdağızlı gecə Ayam,

Bir az ömrü geri sayam,

Ürəyinin dağındayam,

Endirən yox düzə məni.

Açıq qalıb bəndi-bərəm,

Xatirələr pərərn-pərən.

Kimlər uduzdurdu görən

Zalım Nurafizə məni?

Payızın şəklini çəkər

Kasıb varanda heçinə,

Azıyla toxdaq keçinər.

Enib dərdinin içinə,

Dayazın şəklini çəkər.

Gül açanda qar ağacda,

Birmiş palıd, qarağac da.

Qara günlər qara saçda

Bəyazın şəklini çəkər.

Ya məsciddə, ya kilsədə,

Ağac kimi əkilsə də...

Hər tərəfə yaz gəlsə də,

Payızın şəklini çəkər.

Gözümdən düşdüm aşağı

Sözümün babı qalmadı,

Yığmağa qabı qalmadı.

Dizimin tabı qalmadı,

İzimdən düşdüm aşağı.

Duam güldü Göy-ritmdə,

Dərs öyrəndim öyrətimdə.

Vaxt üşüdü heyrətimdə,

Dözümdən düşdüm aşağı.

Harda yad oldum sözümə,

Sutək çiləndim közümə.

Qalxa bilmədim özümə,

Gözümdən düşdüm aşağı.

***

Ömrün də ev kimi qapısı ola,

Açıb yavaş -yavaş çıxıb gedəsən.

Köhnə xatirələr girə qol-qola,

Son dəfə əlini sıxıb gedəsən.

Yolunca ağaclar çıxa görüşə,

Küləklər boy tuta yol ötürməyə.

Qonşunun iti də dalınca düşə,

Utana bir ağız sənə hürməyə.

Dalınca su ata yağan yağış da,

Sərçələr su içə ayaq izində.

Günahın olmaya bu yır-yığışda.

Geriyə dönməyə qala üzün də.

Kaş ola dumanı, çəni özündən,

Sinənin dağında yuvalanasan.

Öz havan çıxarda səni özündən,

Sonra... sonra bir də havalanasan.

Avdı Qoşqar

Ağrı var ki, sərtdi , lələ,

Kəm ovunmaz, Avdı Qoşqar.

Bölünməsə aya, ilə,

Cəm ovunmaz, Avdı Qoşqar.

Can ağrıyla küllənəndə,

Qanbir oldum küllə mən də.

Yanaqda yaş güllənəndə

Nəm ovunmaz, Avdı Qoşqar.

Dil bağlısa lal günahnan,

Ağla deyim hansı haqnan.

Zülüm-zülüm ağlamaqnan

Qəm ovunmaz, Avdı Qoşqar.

Gözlərimin ağı kəfən

Nəfəs dərəndə hər dəfə,

Boy verərdin arasında.

Gözlərimin ağı kəfən,

Məzar yerin – qarasında...

Çəkilməmiş ahım balsa,

Çəkiləndə ərz olar, off...

Əlim quru yerdə qalsa,

Gümanlarım fərz olar, off...

Qardaş deyib kim öyəcək?

Danışacaq söz-gapımı.

Boş qapını Gün döyəcək,

Kim döyəcək, de, qapımı?

Kim var sual verməyə

Sınmış budaq can çəkir

Üstündəki yuvada.

Quşların ayaqları

Çarmıxdadır havada.

Hansı əldir qıyıbdır

Daş atmağa olana?

Haqdan dönən bəndəsi

Haqq veribdir talana.

Sükut bıçaq itilər

Bəndə əl qoysa qana.

Kim var sual verməyə

De, Tanrıdan o yana?