Bəhram Bilaloğlu- Yeniyetmə və gəncləri sağlam düşüncəyə cəlb etmək üçün...

YAZARLAR 15:43 / 06.02.2026 Baxış sayı: 188

 

Yeniyetmə və gəncləri sağlam düşüncəyə cəlb etmək üçün praktika göstərir ki, təkcə nəzəri profilaktik tədbirlərlə istiqamətləndirmək mümkün deyil. Düzgün fikirlər söyləmək, doğru anlayışları təbliğ etmək vacibdir,amma bu məsələnin yalnız bir tərəfidir. Çünki düşüncə ancaq eşidilən sözlə deyil, yaşanan təcrübə ilə formalaşır.Çoxumuz bilirik ki,İnsan görmədiyinə inanmaqda həmişə çətinlik çəkir, yaşamadığını isə tez unudur.

Bu gün yeniyetmə və gənclərin böyük bir qisminin həyatı ekranların arxasında keçir. Virtual aləmdə təqdim olunan süni qəhrəmanlar, saxta dəyərlər və şişirdilmiş “uğur hekayələri” reallıqla düşüncə arasında təhlükəli bir boşluq yaradaraq onların həyatına asanlıqla daxil olur,şüur altını zəhərləyir,sonda isə sağlam düşünməyə imkan vermir.Sağlam düşüncə isə məhz bu boşluğun doldurulmasını tələb edir. Bunun yolu yeniyetmə və gəncləri real həyatın içinə aparmaqdan, onu canlı mühitlə üz-üzə qoymaqdan başqa bir şey deyil.

Məktəblilər və tələbələr üçün təşkil olunan ekskursiyalar, istehsalat sahələrinə, tarixi məkanlara, elm və mədəniyyət ocaqlarına və digər məkanlara edilən səfərlər varsa,sadəcə gəzinti məqsədi daşımamalı, düşüncə və sağlam fikir,tərbiyəvi həyat yolu olmalıdır. Bir zavodda əməyin necə formalaşdığını görən şagird,tələbə həmin vaxt zəhmətin qiymətini anlayar,təxəyyülündə onun cizgilərini çəkər. Muzeydə tarixlə üz-üzə qalan yeniyetmə zamanın məsuliyyətini dərk edər. Kitabxanada səssizcə çalışan insanları görən gənc biliyin hörmətini hiss edər.

Bu cür praktiki tanışlıqlar abstrakt anlayışları canlı məzmuna çevirir o cümlədən fərd həyat və yaşamaq anlayışını geniş formada dərk etməyə başlayır.Sözsüz ki “Əmək”, “məsuliyyət”, “vətən”, “cəmiyyət” kimi sözlər kağız üzərindən çıxıb yeniyetmə və gəncin düşüncəsində yer tutar. O artıq nəsihəti dinləməz, nəticəni görər o zaman.Gördüyü üçün inanar və inandırar,inandıran isə formalaşdırar..

Digər tərəfdən, bu proses gəncin özünü tanımasına da imkan yaradır. Müxtəlif mühitlərdə davranışını müşahidə edir, maraqlarını kəşf edir, potensialını hiss edir. Bəzən bir ekskursiya bir gəncin taleyində dönüş nöqtəsinə çevrilir. Çünki insan hansı mühitdə özünü tapdığını yalnız ora daxil olduqda anlayır.

Sağlam düşüncə qorxu üzərində qurulmur,axı.Təzyiqlə, qadağa ilə, hədələrlə formalaşmır. O, anlayışla, nümunə ilə, doğru mühitlə yetişir. Gənci səhvdən çəkindirməyin ən təsirli yolu onu doğrularla tanış etməkdir. Doğru mühit isə ən səssiz, amma ən güclü müəllimdir.

Nəticələr göstərir ki,yeniyetmə və gənclərlə aparılan işdə nəzəri tədbirlər nə qədər çox aparılsa da,yüksək nəticə vermir.Onları həyatın içində yetişdirmək, cəmiyyətin real siması ilə tanış etmək, düşünərək yaşamağı öyrətmək və göstərmək lazımdır. Çünki sağlam düşüncə öyrədilən dərs deyil — yaşanılan həyatın özüdür.