"Bu gün kəndlərdə həyətyanı sahələrin əksəriyyəti boşdur." - Tahir Rzayev, komitə sədri
Milli Məclisin ötən iclasında deputat Razi Nurullayev bildirib ki, kənd yerlərindəki vəziyyət gənclərin regionlardan köçünü sürətləndirir.
Bəs bu prosesin qarşısını almaq üçün kənd yerlərində nəyə ehtiyac var?
Yenses.az bildirir ki, bununla bağlı fikirlərini bölüşən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev vurğulayıb ki, son dövrlərdə gənclərin kəndlərdən şəhərlərə axını, əlbəttə ki, narahatlıq doğuran bir haldır.
"Ancaq bu, o demək deyil ki, kəndlərdə yaşamaq və işləmək üçün şərait yoxdur. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları və həyata keçirilən çoxsaylı tədbirlər artıq kəndlərin mədəni simasını xeyli dəyişib, sahibkarlıq üçün imkanlar yaradıb və müxtəlif sahələrdə işləmək üçün şərait formalaşıb" - deyən deputatın sözlərinə görə, nədənsə bir çox gənclər şəhərin illüziyalarına, gözəlliyinə və mədəni həyatına aldanır, əbəs yerə kəndi tərk edərək şəhərə üz tuturlar:
"Burada da iş tapa bilmirlər və təəssüf doğuran haldır ki, bir çox hallarda xoşagəlməz hərəkətlərə yol verirlər. Kənddə hansı iş ola bilər? Gəlin özümüzə bu sualı verək. Əlbəttə ki, kənd əhalisi ilk növbədə təsərrüfatla məşğul olmalıdır. Əkməli, biçməli, becərməli, qorumalı, torpaqları münbitləşdirməli və bundan fayda götürməlidir. Ancaq statistika məlumatlarına baxsaq görərik ki, bu gün kənd təsərrüfatında çalışanların əksəriyyəti yaşlı nəslin nümayəndələridir və onlar torpağı əkib-becərdikləri halda, bunun faydasını da görürlər. Orta təhsilli bir gəncə kənddə hansı vəzifəni vermək olar? Belə bir vəzifə demək olar ki, yoxdur. Yaxud hansısa kolleci və ya təhsil müəssisəsini aşağı göstəricilərlə bitirən bir gənc kənddə hansı vəzifəyə layiq ola bilər? Ona görə də gənclərin əsas işi təsərrüfatla məşğul olmaqdır. Təəssüflər olsun ki, son illərdə ətin, südün, qatığın və yağın qiymətləri artıb. Bunun səbəbi, əlbəttə ki, kənd əhalisinin fərdi təsərrüfatlara laqeyd münasibət göstərməsidir. Bu gün kəndlərdə həyətyanı sahələrin əksəriyyəti boşdur. Mal-qara saxlanılmır, toyuq-cücə bəslənmir, göy-göyərti əkilmir. Belə olan halda, kənd təsərrüfatı məhsullarının qiymətinin artması qaçılmazdır".
Komitə sədri nəzərə çatdırdı ki, kənd təsərrüfatı sahəsi ilə bilavasitə gənclər məşğul olmalıdırlar:
"Onlar doğma kəndlərində qalmalı, təsərrüfata alışmalı, öyrənməli və zəhmət çəkməlidirlər. Ancaq bir həqiqət də var ki, bu gün bir çoxları bu əziyyəti çəkmək, zəhmətə qatlaşmaq istəmir. Buna görə də şəhərə üz tutur və burada hansısa bir iş taparaq onunla dolanmağa çalışır. Kəndlərdəki vəziyyəti, əlbəttə ki, daha da yaxşılaşdırmaq olar və bu, mütləq edilməlidir. Bu gün əkin-biçin üçün lazımi subsidiyalar ayrılır, müvafiq imkanlar yaradılıb. Bu imkanlardan bəhrələnmək lazımdır. Bəziləri az zəhmət çəkib yüksək qazanc əldə etmək istəyir. Əlbəttə ki, bu, mümkün deyil. Bu gün kəndlərdə xırda təsərrüfatlar birləşdirilməlidir. Sahibkarlığın inkişafına gənclər dəstək verməlidirlər. Onlar ata-analarını qayğısız qoymamalı, yaşlı nəslin yerini tutmalıdırlar. Ancaq bir çox hallarda biz bunu görmürük. Buna görə də birinci vəzifə gənclərin əməyə bağlanması, onlarda əməyə sevgi və məsuliyyət hissinin formalaşdırılmasıdır. Əlbəttə ki, müəyyən stimullaşdırıcı tədbirlər də həyata keçirilməlidir. Kənddə qalan gənclərə mükafatlar və əlavə subsidiyalar formasında güzəştlər tətbiq olunmalıdır. Bu halda onlar da işə daha çox həvəslənərlər".