QƏHRƏMANLIQ DƏRSİNDƏN: ŞƏHİD KAPİTAN RƏŞAD QULİYEVİN İŞIQLI XATİRƏSİ

MƏDƏNİYYƏT 09:41 / 13.04.2026 Baxış sayı: 1262

 

10 aprel 2026-cı il tarixində, dərsdən sonra Şəhid Kapitan Rəşad Quliyevin ailəsinə etdiyimiz bu ziyarət həm mənəvi borc, həm də gənc nəsil üçün böyük bir vətənpərvərlik dərsidir. Bu təsirli görüşü qələmə almağı vacib bildim.

Bu gün dərsimiz sinif otaqlarının divarları arasında deyil, bir qəhrəmanın uşaqlığının keçdiyi, hər küncündə Vətən ətri duyulan müqəddəs bir məkanda – Şəhid Kapitan Rəşad Quliyevin ev muzeyində idi. Şagirdlərimizlə birlikdə addımladığımız o qapıdan içəri girəndə bizi sadəcə bir ailə deyil, bir millətin qürur mənbəyi olan Ata və Ana qarşıladı.

Şəhidimizin valideynlərinin dilindən tökülən hər kəlmə sanki canlı bir tarix idi. Rəşadın məktəb illərindəki çalışqanlığından, arzularından danışdıqca, şagirdlərimizin gözlərində həm kədər, həm də böyük bir heyranlıq süzülürdü. Onun döyüş yolu isə sadəcə bir hərbçinin hekayəsi deyil, bir xalqın azadlıq eşqinin təcəssümü idi. Valideynlərinin titrəyən, amma qürurlu səsində bir Vətən fədaisinin necə böyüdüyünü hiss etdik.

Muzeyin divarlarından bizə baxan o məğrur baxışlar qarşısında şagirdlərimiz öz sevgi və ehtiramlarını şeirlərlə dilə gətirdilər. Söylənilən hər misra – Zəfərimizə, Vətənimizə və ölməz şəhidlərimizə həsr olunmuş hər söz sanki Rəşadın ruhu ilə qovuşurdu. Uşaqların o kiçik ürəklərindən qopan böyük sədalar bir daha sübut etdi ki, bu torpağın qəhrəmanları heç vaxt unudulmayacaq.

Biz bu evdən sadəcə xatirələrlə deyil, həm də gələcəyə dair böyük bir məsuliyyətlə ayrıldıq. Öyrəndik ki, qəhrəmanlıq uzaqda deyil, məhz belə ocaqlarda, belə Anaların-Ataların dualarında və Rəşad kimi oğulların canı bahasına ucaltdığı bayrağımızdadır.

Ruhun şad olsun, Kapitan! Sənin yolun bizim and yerimiz, sənin adın isə hər bir şagirdimizin qəlbində ucalan ən uca zirvədir.

 Sevil Azadqızı