Ramiz Rövşən -  ÇƏRPƏLƏNG UÇURAN BİR UŞAQ KİMİ

Ədəbiyyat 11:18 / 13.04.2026 Baxış sayı: 586

 

Dörd yanın bomboşdu ağ varaq kimi,

özündən savayı kimin var daha?

Çərpələng uçuran bir uşaq kimi

bağla ümidini göydə Allaha.

 

Ümid sapdan nazik… Soruşma, kimdi

bu sapla Allaha səni bağlayan?

Bəlkə Allahın da sənsən ümidi,

sənsən göy üzündə onu saxlayan.

 

Uzaqdan uzanır şeytan barmağı,

uzanır o sapı qırmaqdan ötrü.

Allahın qulusan, qoru Allahı,

qoru özünü də Allahdan ötrü.

 

Deyirsən, neyləyim, azalıb gücüm,

nə çoxdu Allaha qəbir qazanlar.

İlahi, nə çoxdu sənə and içib

məni söyə-söyə daşa basanlar.

 

Bir qarış tərtəmiz göyün qalmayıb,

ha göyə baxıram, görmürəm səni.

Daha yorulmuşam, heyim qalmayıb,

neyləyim, saxlaya bilmirəm səni.

 

Qollarım keyiyir, quruyur, Allah,

əllərim üzülür bu çərpələngdən.

Bu sapı boynuma dolayım, Allah,

qoy asım özümü bu çərpələngdən.

 

Küsmərəm ölüm də olsa qismətim,

qulun haqqı nədi payından küsə?

Bəs bu sap əlimdə niyə titrədi,

ilahi, eşitdin məni bəlkə sən?!.

 

Nə yaxşı, gün çıxdı, açıldı baxtım,

gördün öz qulunu gözünlə, Allah.

Bir boy da ucaldın, bir boy da qalxdın,

məni də qaldırdın özünlə, Allah.

 

Uçuruq, göy üzü yenə tərtəmiz,

dünyaya "əlvida" deyib gedirik.

Gedirik, ilahi, bu dünyanı biz

Allahsız, Şairsiz qoyub gedirik…