Adilə Nəzər - AÇILAR
İncəlib qoparsa iplər yerindən,
Yəqin bu yazla da aram açılar.
Sıxılar ürəyim, inciyər ruhum,
Dinmərəm, qəlbimdə yaram açılar.
Saçımda görünər yaşım da dən-dən,
Torpağı sevməyə başlayar bədən,
İlahi, uzaq et pisləri məndən,
Uzaq et, nəfsimə haram açılar.
Dünyanın mərdindən çox namərdi var,
Zərdən bəxt umanın yəqin fərqi var..
Sinəm süfrə deyil, yüz rəng dərdi var,
Necə açım ağım, qaram açılar.
Verməz cəfa çəkən can səfa bəhər,
Unutmaz, sadəcə dözər birtəhər,
Zəhər oldu gecəm, bəlkə də səhər
Gün doğar, bəxt aram-aram açılar.
İlahi, qoparma ipləri hələ,
Bir səfər niyyətim var, yaxın eylə,
Duam qəbul olsa dönnəm əvvələ,
Qəlbimi eşq ilə saram, açılar.