Ayaz Arabaçı - DEYİRLƏR
Sinoptiklər baxıbdılar,
hələ ki,
Çəkilməz bu qara bulud deyirlər..
İmkan yoxdu nəfəsini çəkməyə,
Milyon dənə dəlil-sübut deyirlər..
Əsas nədi fas-farağat, dinc duruq..
Çoxmu girir gözünüzə üç buruq,
Həyatdı də, barışmağa məcburuq,
Hamı udur, bə sən də ud, deyirlər.
Ürəyimiz tatulanıb şıramnan,
Hər günümüz ötüb keçir dramnan,
Verdikləri uzaqbaşı qramnan,
Amma, lakin alanda pud deyirlər..
Nə xeyri var sınıq könlə cilanın,
Qurdalama keçmişini filanın,
Çöp uzatma yuvasına ilanın,
Yaddaşında nə var unut, deyirlər..
Bəsdi, fikir çəlləyində illədim,
Gedim bir az dost-tanışnan gillədim,
Bilir kimə nə deməyi millətim,
Başdısa baş, buddusa, bud deyirlər..
Üstümüzdə kölgə varmı, kölgə var..
Mən bilmirəm, siz bilərsiz, bəlkə var,
Başqa harda bu ləzzətdə ölkə var,
Dovşana qaç, tazıya tut deyirlər.