SÜLEYMAN ABDULLA. - ŞEİRLƏR
QURBANLIQ ŞEİR
Hər şey öz yerini tapır axırda,
Varır öz yerinə axırda hər kəs.
Ya uca, ya alçaq, ya küt, ya aqil,
Ya iri, ya orta, ya xırda hər kəs.
Nə var o üzündə o ilğım dağın,
Çıxdı göy üzünə qarası ağın.
Min cürə yolu var yolçu olmağın,
Bircə xeyir üçün yüz dənə şər kəs.
Yovşanla, tikanla doludu səhra,
Zülmət "olmaz"ların "ol"udu səhra.
Bütün dəvələrin yoludu səhra,
İstər arvana kəs, istərsə nər kəs...
YERLƏRDƏ
Düz danışıb düz yaşamaq çətindir,
Yağışı da əyri yağan yerlərdə.
Əlli heç e, yüz yaşamaq çətindir,
Nəzir uman, ələbaxan yerlərdə.
Həvəsmi var haqq adına dinək də,
Murad deyib bəxt atını minək də...
Adamlardan dəyərlidir inək də,
Vətəndaşı soyub-sağan yerlərdə...
İmkanmı var "nüm" yerinə "nəm" edək,
Ağlımızı başımıza cəm edək.
Göz dəyəsi nə qaldı ki, qəm edək,
Göz qaytaran bu dağdağan yerlərdə.
****
Həyatdı, son günə tədbirli olun,
Bəd gündə lənətin ən tuğu vardır.
A gənclər, bir qədər səbirli olun,
Hər kəsin qocalmaq hüququ vardır.
TİTRƏDİ
Bu gün duyub susdum bir harayı da,
Ürəyimin sancan yeri titrədi.
Bir də çətin sağ vaxtına qayıda,
Bir can dedin on "can" yeri titrədi.
Hava xoşdu, daşdı pencək qolumda,
Bir gündəyəm "olmayımda, olumda"
Bu qış günü əsən nəydi solumda,
Ancan yeri, qancan yeri titrədi.
Tufan olmaz əsən səsi hər kəsin,
Sona qalıb bir həvəsi hər kəsin.
Var on ballıq zəlzələsi hər kəsin,
Sağ canımın "son can" yeri titrədi.
OLMAZLARIN ŞEİRİ
Yolun dağı daşa, düzü yoladı...
Daş atıb baş tutub yanımaq olmur.
Kim deyir ki, yollar üzü yoladı,
Tərsinə düşəndə tanımaq olmur.
Görən varmı doyasını dünyanın,
Bircə gün boş qoyasını dünyanın.
Qatan çoxdu boyasını dünyanın,
Kim dedi qaranı sanım ağ,- olmur.
İLAXIR ÇƏRŞƏNBƏNİN ŞEİRİ
İl döndü, ay çöndü, gün yelə gəldi,
Axır çərşənbəni sona yaz çıxdı.
Xızır elə gəldi, at belə gəldi,
Hərənin ağzından bir avaz çıxdı.
Dil açar göylərə atəşin guru,
Söndürmək su ilə alovu olmaz.
Olsun ki tökülər ağır-uğuru,
Şər vaxtı xeyirin söz-sovu olmaz.
Sakit dayanmağı çoxu ar bilər,
Kədərin qoynuna var şən atılmaq.
Təkcə oda düşən adamlar bilər,
Olmur hər tonqalın üstdən atılmaq.
Bəlkə kül altında bir köz sağ qalar,
Bayramın sabahı gəlsə yaz soyuq.
Adama ovcunu hovxurmaq qalar,
Hisli əllərini yandırmaz soyuq...