Əlirza HƏSRƏT  -  ŞANAPİPİK

Ədəbiyyat 21:19 / 13.04.2026 Baxış sayı: 222

 

(Nəhayət ki,beş ildən sonra bizim tərəfə ilk dəfə qayıdan gördüm, intizarında olduğum bu qərib quşu,həmdəmim şanapipiyi)

Qarabağdan keçib gəlib,

Şəhid qanı içib gəlib.

Yenə vətən seçib gəlib,

Bizim yurdu,şanapipik.

Quş deyil ki,bu şahdı,şah,

Gətiribdir bizə pənah.

Başdan-başa yarı "segah",

Yarı "şur"du şanapipik.

Unudub güllə səsini,

Qırdı qürbət qəfəsini.

Öz yarımçıq nəğməsini,

Oxuyurdu şanapipik.

Yubansa da gəldi,neynək,

Sızıldadı yaram neytək.

Ahından əynimə köynək,-

Toxuyurdu şanapipik.

Nəzir deyib, pir ağaca,

Danışırdım sirr,ağaca.

Bağçamdakı bir ağaca,-

Qonub durdu şanapipik.

Silib alnımda tərimi,

Ovundurdum dərd-sərimi.

Görüb dolan gözlərimi,

Boynun burdu şanapipik.

Bahar gülür çiçək-çiçək,

Bu gözəlin şəklini çək.

Başımın üstə pəritək,

Qanad vurdu şanapipik.

Əlirza Həsrət