Sədaqət Kərimova - BİR DÖVRÜN ƏKS-SƏDASI

Gündəm 13:23 / 13.04.2026 Baxış sayı: 536

 

Anamın gənclik şəkli. 1946-cı ilin apreli. Gənc müəllim.

80 il əvvəl çəkilmiş bu şəkil həmin dövrün əks-sədası kimi ruhumu titrətdi. Uzaq illərin gəncliyinin bər-bəzəksiz, təbii gözəlliyindən ürəyimə bir doğmalıq, bir həsrət yayıldı. Sanki zamanın dərin qatlarından boylanan o baxışlar bu günə səssiz bir hekayə danışırdı. Düşündüm ki, bu yazını həmin dövrün bütün analarına ithaf edim.

Adətən tarix böyük dövlətlərdən, hökmdarlardan və savaşlardan danışır. Sanki dünyanın taleyi yalnız saraylarda və meydanlarda həll olunur. Amma həyatın səssiz həqiqəti başqa şey deyir: ən möhkəm dövlətlər nə saraylarda qurulur, nə də xəritələrdə çəkilir – onlar anaların qəlbində yaranır.

Mənim anam müəllim idi. Lakin o, yalnız dərs demirdi, insan yetişdirirdi. Onun üçün məktəb müqəddəs bir məkan, müəllim olmaq isə böyük bir borc idi. O, bu borcu ömrü boyu səssizcə, təmənna ummadan, əvəz gözləmədən ödəyən insanlardan idi. O, verdiklərinin qarşılığını heç vaxt gözləmirdi. O, maaş üçün yox, vicdanı üçün işləyirdi. Sanki onun zəhməti gündəlik həyatın görünməz qatlarında toxunan bir taleyə çevrilirdi. Onun şagirdləri üçün anam olduqca dəyərli idi, çünki onlar onda yalnız müəllim yox, dayaq, inam və istiqamət görürdülər. Bu qarşılıqlı dəyər, bu görünməz mənəvi bağ – onları da, anamı da yaşadan ən böyük qüvvə idi.

Anam ləzgi idi – öz dilini dərindən sevən və ana dilinin ailədəki rolunu müqəddəs sayan bir insan. O, Azərbaycan dilini mükəmməl bilir, rus dilində səlis danışırdı. Bu çoxdilli zənginlik onun dünyagörüşünü genişləndirsə də, o, heç vaxt öz kökündən uzaqlaşmadı. Əksinə, bizə də öyrədirdi ki, doğma dilinə bağlılıq insanın mənəvi bütövlüyünün əsas şərtidir. O deyirdi: doğma dilinə bağlı olanlar insansevər olurlar. Çünki dil yalnız sözlər toplusu deyil, o, xalqın yaddaşı, ruhu və vicdanıdır. Öz xalqının mənəvi dəyərlərini üstün tutmayan insanda nə yurda bağlılıq, nə də vətən məhəbbəti olur.

Altı övlad böyütmək və onların hər birinə ali təhsil vermək – bu, anamın sadəcə bir ailə uğuru deyildi. Bu, onun gecələrinin yuxusuzluğu, gündüzlərinin yorulmaz əməyi və qəlbinin daim başqaları üçün döyünməsi demək idi. Ailə onun üçün bir dövlət idi. Bu dövlətin sərhədləri sevgi ilə qorunurdu, qanunları zəhmət, səliqə və məsuliyyət idi. Onun paytaxtı isə ana qəlbi idi. Anam bilirdi ki, bir uşağın tərbiyəsi onun gələcək taleyidir, evdə qorunan dil – sabah qorunan millətdir, evdə qurulan nizam isə sabahkı sağlam cəmiyyətin təməlidir.

Bu gün biz tez-tez “inkişaf”, “modernlik”, “azadlıq” kimi böyük anlayışlardan danışırıq. Amma bəzən ən sadə həqiqəti unuduruq: cəmiyyət ailədən başlayır. Əgər ailədə hörmət yoxdursa, cəmiyyətdə də olmayacaq. Əgər evdə zəhmətə dəyər verilmirsə, xalqın gələcəyi zəifləyəcək. Əgər ana öz missiyasını unutsa, heç bir məktəb, heç bir sistem bu boşluğu doldura bilməz. Əgər ana dilinə sevgi yoxdursa, insanın kökləri quruyacaq.

Anam böyük tribunlardan danışmadı. O, həyatını sakitcə yaşadı. Amma o sakitliyin içində böyük bir fəlsəfə vardı – insanı insan edən dəyərlərin fəlsəfəsi. Bu gün onun yoxluğunda daha aydın anlayıram: o, yalnız bir ana deyildi – o, bir məktəb idi, bir dəyər sistemi idi, bir dövrün səssiz qəhrəmanı idi.