Ələddin Əzimli - RƏSUL RZAYA

Ədəbiyyat 14:46 / 13.04.2026 Baxış sayı: 478

 

" Sözlərdəki sən "dən

 

Deyiləsi söz sənin idi,

dedin, Ustad.

Bəs mən nə deyim indi?!

İndidən duyuram

yaşanılası günlərim,

başı daşdan-daşa dəyəsi günlərim

hələ qabaqdadır.

Yəqin mən də

bir söz tapıb deyəcəyəm

ağlılı günlərin şərəfinə...

Üç gün,

üç gecə yağan yağışın

məncə, sözü vardı torpağa.

Üç gün,

üç gecə yağan qəmli yağış

yordu torpağı,

torpaq üstə yaşayanları, Günəşi.

Min illərdi yağan dərdli yağışın

yenə də

sözü yarımçıq qaldı...