Ramiz  Qusarçaylı - Endirin göyləri, endirin yerə...

Ədəbiyyat 10:09 / 14.04.2026 Baxış sayı: 294

Endirin göyləri, endirin yerə

Bilmirəm, nə qədər əvvəldən qaçıb,

Nə qədər axırdan başlamaq olar,

Uyuyub qeyrətin fil qulağında

Bilmirəm, nə qədər qışlamaq olar.

Yüz şeytan bəsləyib içində, ancaq

Gedib bir şeytanı daşlamaq olar,

Göyləri nə qədər şumlamaq olar,

Göyləri nə qədər xışlamaq olar,-

Endirin göyləri, endirin yerə...

Göydən molla-molla xurafat yağır,

Göydən ölüm-ölüm zarafat yağır,

Göydən Səddam yağır, Ərafat yağır

Ayağa dolaşır göynən gedənlər,

Ayağa dolaşır Şiraklar, Buşlar,

Ayağa dolaşır çadır Qavroşlar

Endirin göyləri, endirin yerə...

Yağır Araz-Araz qara yağışlar,

Yağır Samur-Samur qara yağışlar

O yandan Şabranı yuyub aparır

Bu yandan Nabranı yuyub aparır,

Qorqudun qəbrini yuyub aparır,

Bu yurdun səbrini yuyub aparır,

Çat düşür tarixin quraqlığına,

Üzündən abrını yuyub aparır...

Bu yerin adından yuxarı nə var,

Boyundan yuxarı nə var, endirin.

Endirin unudub bəndəliyini

Allahın işinə qarışanları,

Endirin Allahla vuruşanları,

Bəndənin kefinə soğan doğrayıb

Allahın kefini soruşanları,

Endirin yerə,

Allahdan aşağı nə var endirin...

Nə yağır Təbrizə, Beyruta yağır,

Nə yağır Bağdadda heyrətə yağır,

Nə yağır Şuşada qeyrətə yağır,

Yağır, ərəblərin başına yağır,

Yağır, çeçenlərin başına yağır,

Yağır, əfqanların başına yağır,

O taylı, bu taylı

qara yağışlar

Azərbaycanların başına yağır...

Südəmər qəbirlər yağır dünyaya,

Açır qəbir-qəbir körpə gözləri,

Açır qəbir-qəbir körpə dilləri,

Açır qəbir-qəbir körpə başları,

Açır qəbir-qəbir körpə əlləri,

Qəbir çiçəkləyir körpə dünyası...

Günəş yerdən doğur,

Ay yerdən doğur,

Göylər ulduz-ulduz yerdə sayrışır,

Bomba yağmurunda sayrışır göylər,

Özünə qarışıb göylərin başı,-

Endirin göyləri, endirin yerə...

Bəsdi, oynatdılar papağı, bəsdi,

Bəsdi, qanatdılar bayrağı, bəsdi,

Bəsdi, ağlatdılar torpağı, bəsdi,

Endirin papağı endirənləri,

Endirin bayrağı endirənləri,

Endirin torpağı endirənləri...

Qırmızı yağışlar yağdı 70 il,

70 il çəkiclə oraq göyərdi.

Sonra da...

Suriya,

sonra da Yəmən,

Sonra da...

Sonra da,

Qarabağ göyərdi, İraq göyərdi...

Bax, tarix tünlüyə, təzə xətt ayır,

Bax, itən daşlara, min yazı itir.

Oyan, Sultan Səlim, şair Xətai,

İtir, bir müsəlman dünyası itir...

Vətən, nə kişnəyir bu yad yüyənlər,

Bir çöpün yelinə qayan oynayır.

Ayağın altında baş girləyənlər

Başının üstündə oyun oynayır...

Şeytan əməlləri pəncərə kimi,

Göz-göz hamarlanıb şüşələnirsə,

Satıb samanından pencərə kimi

Kişilər kürsüdə kişilənirsə,

Atalı uşaqlar sərçələr kimi

Zir-zibil içində eşələnirsə

Sındırın dünyanın qanadlarını

Endirin göyləri, endirin yerə,

Allahdan aşağı nə var, endirin...

Bilmirəm, nə qədər əvvəldən qaçıb,

Nə qədər axırdan başlamaq olar,

Uyuyub qeyrətin fil qulağında

Bilmirəm, nə qədər qışlamaq olar.

Yüz şeytan bəsləyib içində, ancaq

Gedib bir şeytanı daşlamaq olar,

Göyləri nə qədər şumlamaq olar,

Göyləri nə qədər xışlamaq olar,-

Endirin göyləri, endirin yerə...