Əşrə\f Veysəlli - DÜNYA
Yenə yalquzaqlar əlinə düşmüş,
Qulun tək kişnəyən bir atdı dünya.
Keçəl Həmzələrin felinə düşmüş
Korolusuz qalan Qır atdı dünya.
Saçı güllələrlə daranan günü,
Qızıl səhərləri qaralan günü,
Odlu silahları yaranan günü
Özünə də ölüm yaratdı dünya.
Gölləri qan olan çöllər utandı,
Sonası perikən göllər utandı.
Döyüşdə əsgər tək gah yaralandı,
Gah da yarasını sarıtdı dünya.
Oda yaxınlaşan rezin şardımı,
Qarda çiçəkdimi, suda qardımı?
Qorxunc yuxu görmüş uşaqlardımı,
Səksənə- səksənə qalıbdı dünya?!
Dərəsi çağlayan, selləri daşan,
Özü öz içindən yanan, alışan,
Başında şimşəklər çaxıb oynaşan,
İldırım qorxulu palıddı dünya.
Qəlbində həyəcan, üstündə hədə,
Köksündə min yerdən qanaxma, zədə…
Ehtiyatlı olun söz deyəndə də,
İndi özü boyda barıtdı dünya.
1997- ci il.