Adilə Nəzər - BİTMƏYƏN SƏNGƏR
Tanıdığı küçədən
bir yad kimi keçdi o...
Çiynindən götürülmüş ağır yükün yerində
hərbi çantası vardı...
Döyüşdən qayıdırdı -
qanlı ovu bitmişdi,
Sol gözü zədə almış -
yarı nuru itmişdi...
Əlində, qollarında çoxlu yara izləri,
hələ də tam qatlanıb bükülmürdü dizləri...
Sanki əzaları heç həminki deyildi,
düzələcəyinə də, elə əmin deyildi.
***
Qapını açıb girdi -
ev elə eyni evdi... -
Stol-stul yerində,
saat yerində idi…
Öz yerində qalmayan demək ki, tək o, idi...
Divardakı şəkillər əvvəlki tək susurdu,
pəncərədən düşən Gün
heç də dəyişməmişdi,
amma o, işığa yox,
bir kölgəyə baxırdı.
Qaynayan gəncliyinə
don düşüb, qar yağırdı.
***
Ürəyi göllənmişdi
dost, yoldaş itkisindən,
Hələ xəbər yox idi
ən yaxın - ikisindən...
...Yarım qalan ömürlər,
yıxıntılar, ölümlər...
Yenə qəfil səs gəldi qulağına elə bil,
dilində bir mahnının sözləri təkrarlandı:
“Saçın ucun hörməzlər,
gülü qönçə dərməzlər...”
Başından keçən fikir oyandırdı bir anlıq:
- Dayan! Ey igid əsgər,
...Zəfər xalı deyil ki..-
ayağına sərməzlər...
***
Anası gəlib çıxdı...
Sevincindən ağladı:
“Şükür, gəlmisən, oğul”
səsi titrədi, sanki
qorxurdu ürəyindən
keçənləri deməyə.
Hazır idi gözünü
balasına verməyə...
***
Axşam oldu, gələnlər
dağılışıb getdilər.
Gah gülüb, gah ağlayıb,
dua-səna etdilər.
***
İşığı söndürmədi o gecə
və gecələr...
qaranlıq indi ona
tam başqa cür gəlirdi, -
sanki təkcə ruhundan keçən yolu bilirdi...
Qapını bağlamadı
soyuq, külək olsa da...
Kimsə gələcək kimi gözlədi o hər axşam...
Hamı yatdı, o isə
ayaqqabılarıyla
uzanırdı yatağa.
Hələ də, haradansa
bir əmr səsi vardı
qulağında, içində...
***
Hər taqqıltı səsinə qapıya boylanırdı,
Səbəbsiz yerə bəzən əlləri titrəyirdi...
...Solundan keçən kölgə sağ gözünü pusurdu...
Bir otağa çəkilib səngər kimi susurdu...
Bəzən də bir çörəyi bölüb pay ayırırdı,
Suyu yarımçıq içib, qalanın saxlayırdı...
***
Beş il keçdi beləcə...
o hələ də bu halda bulum-bulum bulanır...
Hər gün doğma Günəşə yad baxışla oyanır.
14.04.2026