Xatirə Rəhimbəyli - Ən yaxın kəsimdən yaxınsan mənə.

Ədəbiyyat 09:30 / 14.04.2026 Baxış sayı: 317

Ürəyində kəpənək uçuşanlara gəlsin,qəlbi ilan yuvası olanlar anlamaz

 

Yaz gəlir...elə bil sən də gəlirsən,

Hər güldən-çiçəkdən baxırsan mənə.

Üzümdə-gözümdə gərdiş eyləyən

Bu incə nəsimdən yaxınsan mənə.

 

Elə ki sorağın gəlir...elə bil...

Bütün duyğularım ölür elə bil...

Nəfəs səndən sonra gəlir elə bil...

Allah...nəfəsimdən yaxınsan mənə?..

 

Alıb yollarına sərrəm dərdimi,

Götürüb saçına hörrəm dərdimi...

Sənə danışıram ,görrəm,dərdimi...

Ən yaxın kəsimdən yaxınsan mənə.

 

Baxma ki,taqətim tükənir bəzən,

Gərək bu həsrətə ölüncən dözəm...

Mələksən?.. Pərisən?..Ay adam,nəsən?!

Ay adam,özümdən yaxınsan mənə...