ŞƏKİ  MUZEYİ YENİ FORMATDA

MƏDƏNİYYƏT 10:48 / 20.05.2026 Baxış sayı: 235

                                    

Mənim jurnalistlik fəaliyyətimin ilk illərində Azərbaycan Elmlər Akademiyasının Prezidenti, akademik Həsən Abdullayev Şəkidən SSRİ Ali Sovetinə deputat seçiləndə o, dəfələrlə seçicilərin görüşünə  gəlmişdi.  Görüşlər zamanı  mən onun nitqlərini qeyd edir, sonra bu görüşlər haqqında “Şəki fəhləsi” qəzetində məqalələr dərc etdirirdim.  Bu görüşlərin birində akademik Həsən Abdullayev obrazlı tərzdə dedi ki, “əgər Azərbaycanı bir gözələ bənzətsək, Şəki onun yanağındakı füsünkar  xaldır”. Bu günümüzün  böyük şairi, gözəl insan, türk dünyasında tanınan ziyalı, Türkiyə Cümhuriyyəti Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının Fəxri doktoru Vaqif Aslansa Şəkini vəsf edən  bir  şeirində belə yazıb: 

                                                        Şəki – qədim Şəki, əzəl  Şəkidir,

                                         Mehriban Şəkidir, gözəl Şəkidir.

                                         Arxası dağlardı – başları qarlı,

                                         Qarşısı bağlardı – nübarlı, barlı. 

                                         Yaylağı, qışlağı öz içindədir,

                                         Təpələr üstündə, düz içindədir.

                                         Yolları yük dolu karvanlar  görüb,

                                          Karvanlar başında sarvanlar görüb,

                                          Örpəyi, çirtməsi, kəlağayısı,

                                          Yaylığı, dəsmalı dillərdə dastan,

                                          Xanlar məkanıdır, bəylər yurdudur,

                                          Qızıyla, oğluyla ellərdə dastan.

                                          Burda gözəllərin tülü ipəkdən,

                                          Tülünün üstündə gülü ipəkdən,

                                          Şəkinin donunu təbiət biçib,

                                          Çəməni atlasdan,  çölü ipəkdən,

                                          Şəki – qədim Şəki, əzəl  Şəkidir,

                                          Mehriban Şəkidir, gözəl Şəkidir.

Dağlar qoynunda məskunlaşan Şəki təkcə təbii gözəlliyi  ilə deyil, həm də min illərin şahidi olduğu tarixi ilə tanınır. Şəkinin füsünkar gözəlliyini, zəngin tarixini, mədəni irsini əks etdirən  möhtəşəm bir muzeyi vardır. Bu muzey son iki ildə əsaslı təmir – bərpa edildikdən sonra bu günlərdən  istifadəyə verilib. Mən də bu münasibətlə muzeydə oldum və muzeyin direktoru Vüqar Mustafayevdən geniş bir müsahibə aldım. Vüqar müəllim muzey haqqında məlumat verərkən dedi: 

-Əvvəlcə onu qeyd edim ki, bir neçə gün qabaq Şəki Tarix-Diyarşünaslıq Muzeyinin açılışı oldu. Açılışda ölkəmizin paytaxtı Bakı  şəhərindən, qonşu rayonlardan xeyli qonaqlar gəlmişdi. Onlardan bir neçəsinin adını qeyd etmək yerinə düşər. 

Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin qızları -  Heydər Əliyev Fondunun Vitse Prezidenti Leyla xanım Əliyeva və Bakı Media Mərkəzinin təsisçisi Arzu xanım Əliyeva, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Şəki şəhər İcra Hakimiyyətinin Başçısı Elxan Usubov və başqaları açılışda iştirak ediblər.

Muzey haqqında “Ədalət” qəzetinin oxucularına məlumat vermək üçün deyə bilərəm ki, Şəki Tarix-Diyarşünaslıq Muzeyi Şəkinin tarixini və mədəniyyətini, etnoqrafiyasını tanıtmaq məqsədilə 1925-ci ildə yaradılıb. Muzey Şəki Qala divarları içərisində, XIX əsrin ortalarında inşa edilmiş tarixi binanın daxilində yerləşir. Təmir-bərpa və konservasiya işləri  yerli memarlıq üslubu ilə Avropa memarlıq elementlərinin sintezi əsasında aparılmışdır. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sifarişi ilə həyata keçirilib. Muzeyin elmi-inventar fondunda 5000-dən artıq maddi-mədəniyyət nümunəsi toplanıb ki, bunun da 2000-dən çoxu ziyarətçilərə nümayiş etdirilir.

Muzey giriş hissəsindən və dörd müxtəlif sərgi zalından ibarətdir. Bundan başqa bir zalda Şəki rəssamlarının əsərlərinin nümayiş etdirildiyi qalereya, xatirə əşyalarının satıldığı dükan və inzibati hissə   fəaliyyət göstərir. 

MUZEYİN BİRİNCİ SƏRGİ ZALINDA Şəkinin qədim dövrlərindən Qafqaz Albaniyasına qədərki arxeoloji irsi və abidələri, Qafqaz Albaniyası dövründən başlamaqla orta əsrlərə qədər və orta əsrlərdən sonra Şəki xanlığının süqutuna qədər, yəni XIX əsrin əvvəllərinə qədərki dövrə aid maddi-mədəni və tarixi irsi ətraflı nümayiş etdirilir. Burada sərgilənən 5 müxtəlif nehrə 9 min il ərzində nehrənin Azərbaycanda, xüsusilə Şəkidə  təkamül prosesini əyani şəkildə müşahidə etməyə imkan verir. Bu zonada nümayiş etdirilən saxsı qablar öz unikal formaları, heyvan və insanabənzər formaları ilə diqqəti cəlb edir. Burada tısbağa formalı zoomorf qab xüsusilə maraqlıdır. Eramızdan əvvəlki I minilliyin əvvəllərinə aid, tısbağa formalı saxsı dolça 2017-ci ildə Şəki rayonu Küdürlü kəndinin yaxınlığında, Cüyürlü meşəsinin ərazisində aşkar edilmişdir.

Digər stendlərdə, Azərbaycanda tunc, dəmir və antik dövrə aid qədim dekorativ nümunələr, bəzək əşyaları nümayiş etdirilir. Mərkəzi hissədə nümayiş etdirilən, taxıl saxlamaq üçün istifadə edilən iri küpün 500 kq tutumu var. Bu küp VII-VIII əsrlərdə Şəki rayonunun Zəyzid kəndi ərazisində yerli sənətkarlar tərəfindən  istehsal edilib.

Şəki ərazisində aşkar edilmiş və Sasanilər dövrünə aid olan gümüş sikkələrdən ibarət dəfinə, Azərbaycanın orta əsr hərb tarixinə aid qalxan, qılınc, toppuz, dəmir qoruyucu maska və s. xüsusilə diqqəti cəlb edir. Dünyanın ən qədim samovarı ünvanına sahib olan saxsı samovar, orta əsr sufi dini-mənəvi irsinə aid olan maddi-mədəniyyət nümunələri də öz unikallığı ilə seçilir.

Muzeyin birinci zalında Şəkidə orta əsrlərdə dini inanclarla bağlı əşyalar, təsbehlər, təbərzin, kəşküllər də nümayiş etdirilir. Bu stenddə dərvişlər və orta əsr sufi inancı haqqında ümumiləşdirilmiş məlumatlar, kəhrəba, ağac və əqiq materialından hazırlanmış dini əşyalar haqqında məlumatlar verilir. Müxtəlif sufi təriqətlərinə aid baş geyimləri, Azərbaycanın orta əsr dövrlərinə aid olan tarixi məktublar, yazışmalar və möhürlər də burada xüsusilə diqqəti cəlb edir.

Birinci sərgi zalının son hissəsi Şəki xanlığının tarixinə həsr edilib. Şəki xanlığının ordusunda istifadə edilmiş odlu silahlar, barıt qabları burada nümayiş edilir. Məlumdur ki, XVIII əsrdə Şəki Qafqazda keyfiyyətli tüfəng istehsalı ilə məşhurlaşmış bölgə idi. Qarabağ xanının vəziri Molla Pənah Vaqif, 1770-ci ildə Şəki xanı Məhəmmədhüseyn xan Müştaqdan ona tüfəng hədiyyə olunmasını xahiş edib. Molla Pənah Vaqif istəyini şeirlə  belə ifadə edib.

Bu Qarabağ içrə çox çıxdım tələb meydanına,

Müşkül  oldu, çünki yol bulmaq  onun  imkanına.

Eylədim bu müşkülü izhar Şirvan xanına

Çingiz Nağıyev: Mən də Vüqar müəllimin Molla Pənah Vaqifdən söylədiyi şeirə  Məhəmmədhüseyn xan Müştaqın yazdığı şeirlə cavab  verdim. 

                                        Şeirinə əhsən ki, etməz heç bir əşar  ona,

Hər  kimin var isə həddi , söyləsin köftar ona.

Kimsə ləb tərpətməsin, kim gəlməz istifsar ona,

Eylədim Müştaqdan bu sözləri izhar ona.

Tutmasın nəzri  rəkakət, var işə kəftar tüfəng.

        Vüqar müəllim sözünə davam edərək dedi: 

- Əlbəttə  ki, onların şeirləşmələri çoxdur və biz onların hərəsindən bir nünumə dedik.

Bu xahişə görə Şəki xanı Məhəmmədhüseyn xan Müştaq Molla Pənah Vaqifə qızıl suyuna çəkilmiş aynalı tüfəng, bir köhlən at və Qarabağın şaxtalı günlərində  geyinmək üçün Şəki sənətkarlarının əli ilə hazırlanmış üstü təkaldul toxumaları ilə bəzədilən kürk göndərir. Ümumiyyətlə Şəki xanları öz humanist  əməlləri  ilə həmişə fərqləniblər. Şəkinin  tarixində, şəhər kimi  fornalaşmasında xüsusi xidmətləri olan Hacı Çələbi xan və digər Şəki xanları haqqında muzeydə maraqlı məlumatlar toplanmışdır və  burada seyircilərə həmin mövzuda geniş məlumat verilir.  

Çingiz Nağıyev:  Vüqar  müəllim, mən bura gələndə baxdım, muzeyin ikinci zalı mənə daha maraqlı göründü. Bu mövzuda  geniş məlumat verməyinizi xahiş edirəm.  Vüqar müəllim dedi:

-MUZEYİN İKİNCİ SƏRGİ ZALINDA Şəki şəhərinin tarixini, mədəniyyətini, qədim sənət növlərini, etnoqrafiyasını, mətbəxini əks etdirən yüzlərlə digər eksponat nümayiş etdirilir. At və ondan istifadə haqqında etnoqrafik məlumatlar muzeyimizdə  öz əksini tapmışdır. Burada ata aid yəhər, çul, qamçı, müxtəlif  dövrlərə aid at bəzək əşyaları nümayiş etdirilir. At ilə bağlı dəmirçilik əşyaları, nal və üzəngi haqqında məlumatlara da xüsusi diqqət ayrılır.

Muzeydə Şəkidə sənətkarlığın demək olar ki, bütün sahələrinə aid əşyalar, dabbaq sənəti və başqa sənətlər haqqında məlumatlar verilir,  Şəki xanlığı dövründə yaşamış bəylərə, bir sıra tarixi şəxsiyyətlərə aid baş daşları nümayiş etdirilir. Bu baş daşlarının hər birinin yanında kimə aid olması haqqında da məlumatlar öz əksini tapır. Bu baş daşları öz incə işləmələri, üzərindəki naxışları ilə seçilir. Xüsusilə, Fətəli xan Xoyskinin bacısına aid olan qəbir daşı  diqqətçəkicidir.

Muzeyin bu hissəsində Şəkinin orta əsr mədrəsələrində tədris vasitəsi kimi istifadə edilmiş qədim əlyazmalar, rəhllər nümayiş olunur. Kitablar həm dini, həm də dünyəvi mövzuları əhatə etməklə Şəkinin qədim irsinə güzgü tutur. Mərkəzi vitrində isə Şəkinin mətbəxinə həsr edilmiş nümunələrin mulyajları sərgilənir.

MUZEYİN ÜÇÜNCÜ SƏRGİ ZALINDA Şəkidə ənənəvi, özünə məxsus tikilən evlərin interyerinə aid dekorativ memarlıq elementləri və məişət-ev əşyaları nümayiş olunur. Burada şəbəkə pəncərələr, buxarı, güzgü, lampalar sərgilənir. Ənənəvi Şəki evlərinə aid darvazanın üzərində bütün memarlıq elementlərinə, xüsusilə təqqülbab adlanan, dəmirdən hazırlanan qapı zənglərinə rast gəlinir. Burada da Şəki əxlaqı özünün göstərir. Belə ki,  Şəkidə  adətən evlərin girəcəyində qoyulan böyük darvazalarda və kiçik qapılarda adətən iki zəng qoyulub. Bunun biri qadınlar üçün, biri isə kişilər üçündür. Əgər qadın zəngi çalardısa, qapıya evdən qadın çıxardı, kişi zəngi çalınardısa, qapıya kişi çıxardı. Bu da Şəkinin əxlaqi dəyələrinin göstəricisidir.Qapı aksesuarları olan dəmirçilik əşyaları, Şəki evlərinin interyerinə aid buxarı, pəncərənin dəmir çərçivəsi  və barmaqlıqlar  da xüsusi gözəlliyi ilə diqqəti cəlb edir.

Çingiz Nağıyev:  Vüqar müəllim muzeyin dördüncü zalı haqqında daha geniş danışdı və belə məlumat verdi:

MUZEYİN DÖRDÜNCÜ SƏRGİ ZALINDA Şəkinin ipəkçilik irsinə aid olan baramanın açılma prosesi və kəlağayı istehsalına aid əşyalar nümayiş olunur. İpəkçilik tarixinə aid məlumatlar və bunun regional ticarətdə, eyni zamanda qədim İpək yolu ilə reallaşan ticarətdə rolunu əks etdirən məlumatlar əsas vitrində sərgilənir.

Şəkinin tarixən ipək və  kəlağayı istehsalı mərkəzi olmasına görə burada geniş bir vitrin  vardır və məxsusi kəlağayıya həsr edilib. Bundan başqa, Şəkidə ipək parça istehsalı və bunun şəhərin sosial-iqtisadi həyatında oynadığı tarixi rol nəzərə alınaraq Şəkinin ipək parçalarından nümunələr əyani şəkildə nümayiş olunur.

Çingiz Nağıyev:  Dördüncü sərgi zalının baş hissəsi Azərbaycanda xalçaçılıq sənətinə və onun toxunmasında istifadə edilən əmək alətlərinə həsr edilib. Mən  Vüqar müəllimdən soruşdum ki, bəs Şəki xalçaları haqqında niyə geniş məlumat verilmir? Vüqar müəllim cavabında dedi ki, Şəkidə xalçaçılıq sənətini əks etdirən nümunələr, əl işləri çox azdır. Buna görə də muzeydə Şəki xalçaları haqqında geniş məlumat verilməyib. 

Çingiz  Nağıyev: Ancaq mənim bildiyimə görə  Şəki qadınları əsasən evlərdə ipək xalçalar toxuyublar. Bu xalçaların çoxu satış üçün yox, imkanlı ailələrdə böyüyən qızların cehizi üçün  hazırlanıb. Mənim ulu nənələrim, anam bu sənətlə məşğul olublar və  indi qızılarım da xalça toxuyurlar. Ulu nənəmdən eşitdiyimə görə Şəki Xan sarayının 2-ci mərtəbəsindəki  böyük zalın tavanında rəssamların işlədiyi  gözəl rəsm əsərini qadınlar elə həmin sarayın  həmin otağında tavana baxaraq eyni naxışda xovlu ipək xalça toxuyublar. Hələ o zamanlar yaşlı insanlardan aldığım məlumatlara görə həmin xalçanı  və saraydakı bütün ipək  xalçaları, eyni zamanda Xan sarayında və  Şəki xanlarının evində  istifadə olunan  bütün əşyaları Şəki xanlığı fəaliyyətini dayandıranda rus qubernatorunun əmri ilə qarət edilib və Rusiyaya aparılıb. Yerli bəylərin, imkanlı ailələrin evlərində qalan ipək xalçaları da sovet hakimiyyəti illərində ermənilər və yəhudilər şəxsi adamlardan alaraq aparıb xarici ölkələrdə satıblar.  

Vüqar müəllim muzeyin dördüncü sərgi zalı haqqında sözünə davam edərək dedi:     

Məlum olduğu kimi, Şəki şəhəri tarixən Azərbaycanda təkəlduz sənətinin mərkəzi sayılır. XVIII-XIX əsrə aid Şəki təkəlduz sənəti nümunələri burada daha geniş  nümayiş etdirilir.

Bu sərgi zalındakı vitrinlərdən birində Şəkidə qədim geyim növləri, ləbbadə, köynəklər, mərkəzi vitrinlərdə isə Azərbaycanda orta əsrlərdə kişi və qadınların istifadə etdiyi bəzək əşyaları, o cümlədən qızıl və gümüş  əşyalar və kəmər kimi aksesuarlar, geyim əşyaları, əldə toxunan rəngli corablar, tarixi ayaqqabılar, ayaqqabı qəlibləri nümayiş olunur.

MUZEYİN ÇIXIŞ HİSSƏSİNDƏ yerləşən qalereya və suvenir zalında isə tarixi fayton, rəsm əsərləri, ev maketləri nümayiş etdirilir.

Şəki Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları Efiopiyada, Madaqaskarda, İordaniyada, Pakistanda keçirilən sərgilərdə nümayiş etdirilib. Muzeyimiz Tümen vilayətinin Xantı-Mansiysk şəhərində yerləşən “Çelovek i priroda” muzeyi ilə əməkdaşlıq edir.

 

 

 

                                                                                                        Çingiz Nağıyev,

“Qızıl qələm” mükafatı laureatı

                                                                                                  Şəki