Aqşin Yenisesy - Yağış bizdə hidrometeoroloji yox, sosioloji məsələdir.

YAZARLAR 10:34 / 20.05.2026 Baxış sayı: 277

Mədəniyyətin tarixi daşın tarixidir. Daş alətdən tutmuş daşdan yonulan bütlərə, daşdan ucaldılan binalara qədər daş üzərində hansı dəyişiklik baş veribsə, insanlıq da ona uyğun şəkil alıb.

2015-16-cı ildə Bakıda köhnə binaları yeni memarlıq üslubunda üzləməyə başladılar. Bu, bizim qüsuru ört-basdır etmək ənənəmizin urbanistik görüntüsü idi.

Biz elan edirdik: səthin, görüntünün memarı olacaqdıq. Eyni üzləmə canfəşanlığı cəmiyyətə, insanlara da yoluxdu. Qüsuru gizləmək dəbə çevrildi. Biz bəzənmək yox, bənzəmək istəyirdik. İstəyirdik şəhərimiz Parisə, özümüz Hollivud artistinə, nə bilim, taksimiz London taksisinə bənzəsin və s. Həyatımıza “yevropemont” deyə bir anlayış daxil oldu.

Unudurduq ki, eybəcərliyimiz yaşamaq uğrunda mübarizədə qazandığımız təbii halımızdır. Bizi tarix eybəcərləşdirmişdi. Çox keçmədən özümüzü aldatdığımız üzə çıxdı. Gizləməyə çalışdığımız eybəcərliklərimiz cəmiyyətin altından fışqırmağa başladı.

Qustav Yunq deyir ki, bizim əsl kimliyimiz şüurlu şəkildə göstərdiyimiz özümüz deyilik, alt şüurda gizlədiyimiz özümüzük. Cəmiyyət də belədir, üstü və altı var. Biz bütün sərmayəni cəmiyyətin üstünə, görüntüsünə yatırırıq. Sürətli inkişaf dediyimiz şey cəmiyyətin səthində baş verənlərdir. Cəmiyyətin altı xarabalıqdır, oraya ensək özümüzün barbar, hətta yamyam tayı ilə qarşılaşarıq.

Mədəniyyət məhz cəmiyyətin altını tərbiyə və müalicə edən fasiləsiz bir müdaxilədir. Cəmiyyətin altına enə bilən güc dindir. Din şüurla maraqlanmaz. Din insanın, cəmiyyətin təhtəlşüurunu nəzarətdə saxlayır.

Mədəniyyət cəmiyyətin altına fəlsəfə, elm, ədəbiyyatla enə bilər. Azərbaycanda bu sahələrə, ümumilikdə, bir restoran tikinitisinə xərclənən qədər pul xərclənmir.

Normadan artıq yağan yağışları sevmirik, ona görə yox ki, şəhəri su basır. Ona görə sevmirik ki, səthimizdəki bər-bəzəyi yuyur, altındakı eybəcərliklərimiz üzə çıxır.

Yağış bizdə hidrometeoroloji yox, sosioloji məsələdir.