Musa Yaqub : - Bir günah sənin, bir günah mənim
Bir gözün mən əydim, bir gözünü sən,
Niyə narazıyıq bu tərəzidən?..
Sən çeşmə qurudan, mən ağac kəsən
Bir günah sənindir, bir günah mənim.
Bu südə su qatıb hərə bir qaşıq,
Arını şəkərə dadandırmışıq.
Bazarın yağı şor, balı qarışıq
O mətah sənindir, bu mətah mənim.
Söz sözə gələndə sən nəfsi qıran,
Mən dünya malına göz yumub duran.
Amma ayrılıqda daşı da yaran,
Bir tamah sənindir, bir tamah mənim.
Görürük bu silah vurmur hədəfə,
Vurmur, ha atırıq mininci dəfə.
Əlimiz dolaşıb düşüb kələfə,
Bu əl gah sənindir, bu əl gah mənim.
Qoyma yalanımız qalxsın ayağa,
Hay deyirik, haya gəlmirik, qağa.
Sözü güləşdirib, əhdi danmağa,
Bir vallah sənindir, bir vallah mənim.
Yamanca ustayıq hər ehtiyatda,
Dostluq şirnisi də dilimiz altda.
Amma yaman günə əlimiz altda
Bir silah sənindir, bir silah mənim.
Ömür təsəllidi, ümid sabahdı,
İndi öz xeyrinə çoxu agahdı.
Hərə dolanışa bir cür nigahdı,
Bir nigah sənindir, bir nigah mənim.
Orda bulanıq su hopur torpağa,
Burda üzə çıxıb dönür bulağa.
Hələ ki, vaxtımız var durulmağa,
Bir sabah sənindir, bir sabah mənim...