Şəhidlərimizin adını yaşatmağı özünə borc bilir...

YAZARLAR 10:58 / 20.05.2026 Baxış sayı: 247

 

 

44 günlük şanlı Vətən Müharibəsindən və doğma torpaqlara böyük qayıdışımızdan sonra hər kəs yurduna bacardığı qədər daha çox öz töhfəsini verməyə can atır. Elman müəllim də bir rejissor, sənət adamı kimi Vətənə xidmət yolunda həmişə əlindən gələni edib. Elə bu gün həmin işləri davam etdirir.

Elman Rəhman oğlu Ağamalıyev 1966-cı ildə Neftçala rayonunun Bankə qəsəbəsində böyük, sadə bir ailədə dünyaya gəlib. Uşaq yaşlarından incəsənətə həvəsi onu orta məktəb illərindən Mədəniyyət mərkəzindəki həvəskar rəqs ansamblına aparıb. Elə yeniyetmə yaşlarından da müxtəlif tədbirlərdə kiçik rollarla çıxış etməyə başlayıb. Sonra hərbi xidmətə yollanıb. Xidmətini layiqincə başa vurub qayıtdıqdan sonra doğma rayonda “Bahar” adlı mahnı və rəqs ansamblının bir neçə il solisti olub. Müxtəlif ölkələrdə qastrol səfərlərində iştirak edib. Daha sonra Kalininqrad şəhərində teatr məktəbinə daxil olub. Ancaq sovetlər birliyinin dağılması ilə baş verən proseslər onun təhsilini yarımçıq qoyub. Vətənə qayıdan Elman müəllim bundan sonra şəhid ailələri ilə görüşməyə və onlarla bağlı filmlər çəkməyə başlayıb.

Elman müəllim Aprel döyüşlərinin iştirakçısı və 2017-ci il dekabrın 13-də cəbhənin Füzuli bölgəsində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalmış Fizuli Süleyman oğlu Salahov, Aprel şəhidləri Ələzaman Fərrux oğlu İslamov, Rəvan İsmayıl oğlu Nurayev,  Qarabağ Müharibəsi qazisi, tibb bacısı Rüxsarə Cumayevaya həsr edilmiş filmlər kimi 10-dan çox ekran işinə imza atıb.

Qeyd edək ki, Elman Ağamalıyevin özünün də doğmalarından, ailə şəcərəsindən dörd nəfər şəhidi var. Qardaşı oğlu şəhid Rövşən Baloğlan oğlu Ağamalıyev haqqında illər sonra film çəkib. Qeyd edək ki, Rövşən 1993-cü ildə 16 yaşında Ağdamın Mərzili kəndində şəhid olub.

 Əmisi nəvəsi İbrahim Möhsün oğlu Mənəfov 2018-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində şəhadətə ucalıb. 23 yaşlı İbrahim Mənəfov hərbi xidmətə ali məktəbi bitirdikdən sonra yollanmışdı.

Bibisi nəvəsi Natiq İltifat oğlu Məmmədov İkinci Qarabağ müharibəsində Füzuli, Zəngilan, Laçın və Qubadlı istiqamətlərində rəşadətlə vuruşaraq şəhadətə ucalıb və 4 medalla təltif edilib.

Bir qohumu Rafail Rüfət oğlu Fətullayev isə 2022-ci il sentyabrın 12-də antiterror əməliyyatı zamanı qəhrəmancasına şəhadətə ucalıb. Rəfail döyüşdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” medalı və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.

 Elman müəllim hazırda tanınmış bəstəkar Məzahir Səmədzadənin  rəhbərlik etdiyi televiziyanın (Şou+tv) uşaqlar üçün “Şirin yuxular” verilişində  operator, həm də o personajlardan biri olan Tural adlı kuklanı səsləndirir. Onu da bildirək ki, Elman Ağamalıyev bir aktyor kimi “Ata ocağı”, “Nazlı taksi”, “Vaxtsız sevgi”, “Bal ayı”, “Satılmış ruhlar”, “Çarəsiz” kimi seriallarda, həmçinin Azərbaycan televiziyasının layihələri əsasında çəkilmiş bir neçə bədii filmdə epizodik rolları məharətlə oynayıb.

Elman müəllim deyir ki, işindən danışmağı yox, iş görməyi üstün tutub həmişə: “Bu günədək başqalarına özüm sual vermişəm. Amma indi baxıram ki, suallara cavab vermək nə qədər çətin imiş... Torpaqlarımızın işğaldan azad olunması ən böyük  arzum idi. Sonra da gedib azad Şuşada torpağı öpmək, şükür, Allah mənə onu da qismət elədi. Demək olar ki, azad rayonlarımızın hamısında olmuşam. Bircə Kəlbəcər qalıb, inşallah, tezliklə onu da görmək nəsibim olar. Çox xoşbəxtəm ki, torpaqlarımız azad edildi, xalqımız Zəfər qazandı. Dünyanın ən gözəl bayrağı olan üçrəngli bayrağımız Şuşada, Qarabağda qürurla dalğalanır indi...”

Elman müəllim bir sənət adamı kimi çox kövrək insandı. Deyir ki, Prezidentimiz torpaqlarımızın azadlığı ilə bağlı xəbərləri deyəndə ağlamışam. Bəzən də sevincimdən durub rəqs etmişəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Şəhidlərimizlə bağlı çəkiliş etməyi, nəsə bir iş görməyi özümə borc bilirəm: “Arzum budur ki, dünyanın heç yerində müharibə olmasın. Televiziyadan, radio dalğalarından heç vaxt şəhid xəbərini eşitməyək. Vətən, Qarabağ adına yeni layihələrimiz uğurlu olsun. Nə qədər ömrüm var, Allah şərəflə yaşamağı qismət eləsin. Hamı kimi, mənim də nəvələrim xoşbəxt olsunlar...”

Mina RƏŞİD