Qafar Cəfərli : - ŞƏXSİYYƏT OLMAQ XOŞBƏXTLİYİ

YAZARLAR 19:00 / 12.04.2026 Baxış sayı: 159

2026-cı ilin prel ayının 7-də tanınmnış yazıçı, görkəmli ictimai-siyasi xadim, ədəbiyyatşünas-alim Yaşar Rzayevin anadan olmasının 85 ili tamam oldu. Təbriklər çox oldu. Sosial şəbəkələrdə və mətbuatda olanları gördüm, yəqin ki, yubilyarın özünə də çoxsaylı təbriklər daxil oldu. Gördüyüm təbriklərdə Yaşar müəllimin həyat yolu konkret faktlara istinad edilməklə təhlil olunur, yazdığı əsərlərə qısa da olsa nəzər salınır. Mən isə təbrikimi bir az fərqli formada etmək istədim.

Yaşar müəllimlə aramızda təxminən 16 il yaş fərqi var. Mən orta məktəbi bitirən ili, yəni 1973-cü ildə Yaşar müəllim artıq Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini, bir neçə il mətbuatda və partiya işində çalışdıqdan sonra isə dövrün ən prestijli təhsil ocağı olan Bakı Ali Partiya Məktəbini bitirmişdi. Hər iki ali təhsil ocağından ona fərqlənmə diplomları yadigar qalmışdı. Üstəlik də “”Gecə eşalonu” adlı hekayələrdən ibarət kitabı işıq üzü görmüşdü. Orta məktəb şagirdi olaraq Yaşar müəllimi Lənkəranda çıxan “Leninçi” qəzetindəki publisistik yazılarla tanısam da bu kitabla Yaşar Rzayevi bir yazıçı olaraq gördüm və qəbul etdim, çünki kitabdakı hekayələrin istedadlı bir insanın qələmindən çıxdığı şübhəsiz idi. Sonralar Yaşar Rzayev partiya və sovet orqanlarında vəzifə pillələrini sürətlə qalxmağa başladı. İki dəfə Lənkəran rayonun rəhbəri, seçkili orqan olan rayon XDS İK-nin sədri işlədi. İki dəfə- respublika Ali Sovetinin və Milli Məclisin deputatı oldu. “Dövlət Müstəqilliyi haqqında” Konstitutsiya Aktına imza atan deputat kimi tarixə düşdü. Son iyirmi ilə yaxın bir müddətdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetdə müəllim, baş müəllim kimi elmi-pedaqoji fəaliyyətlə məşğul olmağa başladı. "Milli azadlıq şüurunun formalaşmasında Azərbaycan ədəbiyyatının rolu (1960–1980-ci illər)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi adına layiq görüldü.

Bütün bunlar Yaşar Rzayevin son dərəcə zəngin və məhsuldar ömrünün daha çox görünən tərəfləridir. Bəs bu ömrün az görünən tərəfləri var idimi, var idisə nələr idi?

Mən Yaşar Rzayevin həyatını vərəqləyərkən qazandığı və dövründə hər kəsin həsəd apardığı bütün uğurlara bəzən təəssüflənmişəm. Paradoksal hal kimi görünə bilsə də əslində bu belədir. Yaşar Rzayev çox azsaylı yazarlardandır ki, Allahın ona verdiyi böyük istedad partiya, sovet işindəki yüksək vəzifələrin kölgəsində qaldı.

1978-ci ildə Azərbaycan Yazıçılar İtiifaqının Lənkəranda keçirilən Plenumunda İttifaqın Lənkəran Zona Şöbəsi yaradıldı. Həmin vaxtı Lənkəranda yazıçı Məmmədhüseyn Əliyev və şair Şəkər Aslan İttifaqın üzvü idilər. Plenumdan dərhal sonra istedadlı yazıçı Yaşar Rzayev İttifaq üzvlüyünə qəbul olundu. Ümid etmək olardı ki, gənc yazıçı daha məhsuldar işləyəcək, ədəbiyyatımızı yeni, gözəl əsərləri ilə zənginləşdirəcək, çünki Yaşar Rzayevin ədəbi dəsti-xətti mükəmməl idi,bütöv idi. Qısa, aydın və məzmunlu yazı üslubu ilə yaşıdlarından fərqlənirdi ki, bunun isə öz çətinlikləri var. Burda istedadla yanaşı yüksək görmə,duyma və qələmə almaq bacarığı gərək idi. Necə deyərlər,”Qısa və aydın yazmaq səmimi və xeyirxah olmaq qədər çətindir”. Bütün bunlara rəğmən Yaşar Rzayevin həyat yolu başqa səmtə yön aldı. İlk kitabı ilə ədəbi mühitə səs salmağına baxmayaraq daşıdığı yüksək vəzifələrin məsuliyyəti Yaşar Rzayevi ədəbi aləmdən nisbətən kənarda qoydu. Bu müddətdə onun cəmi beş kitabı işıq üzü gördü ki, bu da potensialından çox-çox aşağı idi. Yaşar nüəllimin çoxsaylı bədii, elmi və publisistik kitabları məhz vəzifədən sonrakı illərə təsadüf etdi. Ədəbi fəaliyyətində olan uzun fasiləyə baxmayaraq Yaşar Rzayev bu gün də 60-cı illərin ən parlaq ədəbi nümayəndəsi kimi qəbul olunur. Bəs ömrünün 86-cı ilinə qədəm qoyan bu insanın başqa qazandığı nəsə varmı? Var, özü də çox-çox qiymətli, dəyəri ölçülməyən sonsuz sərvətə sahibdir. Nədir bu sərvət?

Mənimlə razılaşarsız ki, doğulduğun yerdə vəzifədə işləmək çox qəliz məsələdir. Qohum-əqrəba, dost-tanış, məktəb yoldaşları, uşaqlıq və gənclik dostları, mentalitetimizdən doğan başqa məqamlar bu işdə ciddi əngəl yaradır. Çox az sayda rəhbərlər var ki, belə vəziyyətdə haqqı, ədaləti qoruya bilir, özünün şəxsiyyətini, nəslinin hörmətini, rayonun təəssübünü, qeyrətini çəkə bilir və vəzifədən sonra insanlar onu böyük sevgi və istəklə xatırlayır, yad edirlər. Yaşar Rzayev məhz bu cür rəhbər kimi indi də Xan Lənkəranın fəxr ediləsi oğlu kimi qəbul edilir. Bəs bu sevginin, istəyin səbəbi, mayası nədir? Tək və əsas səbəb ŞƏXSİYYƏT olmaq xoşbəxtliyi.

Şəxsiyyətin formalaşmasında irsi amil və ailə mühiti, təhsil və tərbiyə, fəaliyyət və həyat təcrübəsi, özünütərbiyə və daxili inkişaf kimi amillər xüsusi önəm daşıyır. Məhz bunların cəmindən formalaşan dürüstlük, məsuliyyətlilik, səbir, qətiyyət, mehribanlıq və ya sərtlik, sakit və təmkiinli, həssas və enerjili olmaq, yüksək intellektual, iradə, emosional və sosial xüsusiyyətlər, əxlaqi dəyərlər və dünyagörüş şəxsiyyətin bütövlüyünü təmin etmiş olur. Yeddi yaşında atasını itirən, bağça müəlliməsi olan anasının tərbiyəsi ilə böyüyən Yaşar Rzayevin şəxsiyyəti məhz qeyd olunan amillərin cəmindən yoğrulduğu üçün bu möhtəşəm hörmət və ehtirama sahiblənə bilmişdir.

Yaşar müəllimlə bir neçə dəfə canlı görüşlərim, dəfələrlə telefon danışıqlarım olub. Necə deyərlər dünyanın hər üzünü görmüş bu insanda olan tərbiyə, ləyaqət, sadəlik, dürüstlük, doğmalıq və ən əsası həya, abır insanı heyrətə gətirir. Məşhur ingilis yazıçısı Bernard Şou yazır ki, “İnsan nə qədər çox şeydən həya edərsə , o qədər şərəf və qürur sahibi olar”. Həzrət Əli əleyhissəlam isə: “Həyanın zirvəsi insanın özü-özündən həya etməsidir”- deyir. Doğrudan da dünyada namuslu addan şərəfli heç nə ola bilməz və bu adı insana onun öz ləyaqəti qazandırır, lap Yaşar Rzayevdə olduğu kimi.

Bu yaxınlarda qohumlarından biri mənə belə bir hekayət danışdılar. Yaşar Rzayev Lənkəranda İcra Hakimiyyətinin Başçısı işlədiyi dövrdə bir nəfər şəhərin mərkəzindəki “Naməlum əsgər” abidəsinin arxasındakı boş sahədən bir market yeri torpaq sahəsi istəyir. Qohumu vasitəsi ilə o dövrün babat hesab edilən pul da təklif edir. Qohumu bu xahişlə Yaşar Rzayevin yanına gedir. Məsələdən agah olan Yaşar müəllim qohumunun xətrinə dəyməməklə ona ciddi iradını bildirir və hansı ağılla onun yanına belə bir xahişlə gəldiyinə məəttəl qaldığını söyləyir. Üstündən bir neşə il keçir. Həmin ərazi və ona bitişik bütün ərazi ticarət obyekti kimi satılır və bu gün də həmin vəziyyət davam edir.

Təxminən üç il əvvəl Yaşar müəllimlə evində görüşüb söhbət etdim. Yenicə çapdan çıxan “Yaddaşa qayıdış” kitabını mənə hədiyyə etdi. Həmin vaxtı dediyi sözlər indi də qulağımda səslənir: ”İki dəfə Lənkəranın rəhbər oldum. Amma bir dəfə belə dövlətin siyasi və iqtisadi xəttinə dönük çıxmadım. Lənkəranı göz bəbəyim kimi qorudum. Heç bir maddi maraq xatirinə rayonun sosial-iqtisadi inkişafına mane ola biləcək, rayonun gözəlliyinə xələl gətirə biləcək heç bir hərəkətə yol vermədim və bu mənada həm özümün qarşısında, həm də rayon camaatı qarşısında vicdanım təmiz, alnım açıq, üzüm ağdır.”

Bu yerdə : “Ən böyük hakim içimizdəki vicdandır” - fikri ilə tam razılaşmalı olursan. “Ən mükəmməl ədalət də vicdandır”- deyən böyük fransız yazıçısı Hüqoya da haqq qazandırmaya bilmirsən.

Həya, vicdan, namus gözlə görünən olmasa da qəlbən, ruhən hiss edilir, ürəklə duyulur, beyinlə anlaşılır. Çətindir, bu epitetlərlə həyat sürməyin ağırlığı indiki zamanda böyük bir əzabdır, amma istisnalar var və mümkündür. Məhz yazımın qəhrəmanı, böyük hörmət və ehtiram bəslədiyim Yaşar Rzayevin həyatı buna bir örnəkdir.

Yaşar Rzayevin həyat yolu ilə bağlı olan iki məşhur deyimi xatırlatmaq istəyirəm: “Nə qədər yaşadığımız deyil, necə yaşadığımız mühümdür”. Yaxud da ki, “Çox yaşamaq əlimizdə deyil, lakin adımızı çox yaşatmaq əlimizdədir.”

Yaşar müəllimin 1950-2020-ci illərin yaşantılarına dair ictimai-siyasi,ədəbi-bədii,publisist kontekstdə yazdığı, sevə-sevə oxuduğum “Yaddaşa qayıdış”(2022) adlı kitabı belə bir dialoqla açılır: “Yaddaş:-xoşbəxtliyi nədə axtarmısan? Dedim:-haqq uğrunda mübarizədə.Yaddaş:-yaşadığın ömrün mənasını nədə görmüsən? Dedim:-düzlükdə. Yaddaş:- bəs bilmirdin ki, ömür boyu haqq uğrunda mübarizə aparmaq və düz yaşamaq nə qədər çətindir?”

İlahi bir həqiqət !!!

Allahın mərhəməti ilə Yaşar Rzayev ömrünün doqquzuncu on ilinin tamamına yaxınlaşır. Bu yaş indiki qarmaqarışıq və narahat zamanda yaxşı ömürdür. Üstəlik də istedadlı yazıçı, görkəmli dövlət xadimi, tanınmış alim, ləyaqətli insan və şərəfli ziyalı ömrü yaşamaq. Bu ömürlə fəxr etməyə dəyər.

Sözümün sonunda elimin ləyaqətli oğlu, ziyalılıq mücəssəməsi, insanlıq nümunəsi, böyük istedad sahibi Yaşar Rzayevi 85 illik yubileyi münasibəti ilə təbrik edirəm. Yəqin ki, onun bundan sonra xaraktercə dəyişməsi mümkünsüzdür,yəni yaşam tərzi elə bu cür də davam edəcək. Mənə qalan isə ağsaqqal dostuma uzun və sağlam ömür arzulamaq qalır.