"Məndən başqa taxtabaş var?"- Fərhad Tapdıqoğlu
Bir az da təbəssüm
Olmuş əhvalatlar-18
Bədrəddin müəllim ixtisasca metallurgiya sahəsinin mühəndisi idi.
Çox baməzə adamdı.
Yüksək təşkilatçılıq qabiliyyətinə ,idarəetmə bacarığına görə 80-ci illərdə onu maşınqayırma zavodunda sexlərin birinə rəis təyin edirlər.
Təbii ki,Bədrəddin müəllimin texnika -texnologiya üzrə müavini ,texnoloqu,növbə rəisi ,ustaları vardı.Yəni bütün sahələrə məsul mühəndisləri vardı.
Bir dəfə bu sexdə hazırlanan tərtibatların keyfiyyətsizliyi ucbatından
istehsalatda işin ritmi pozulur.
Bədrəddin müəllim təcili rəhbərlik etdiyi kollektivin mühəndis-texniki işçilərini yığıb iclas keçirir, tərtibatı zay ,defektlə hazırlayan işçini də,ustanı da,texnika üzrə müavin -texnoloqu da cəzalandıracağını bəyan edir.
Onun texnika üzrə müavini günahsız olduqlarını sübut etmək üçün bəhanələr gətirir.
Bədrəddin müəllim:
--Mənə nəyi sübut etmək istəyirsiniz?
Mən taxtabaşam,heç nə bilmirəm.Gedin səhvinizi düzəldin- hirslənir və iclası yekunlaşdırır.
Təbii ki,keyfiyyətli tərtbat hazırlanır,günahkarlar cəzalandırılır.
Amma Bədrəddin müəllimin üstündə "taxtabaş" adı qalır.
Demək olar ki,sex,şöbə rəisləri ,mühəndis -texniki işçiləri onun üzünə deməsələr də,arxasınca "taxtabaş gəldi","taxtabaş getdi" ,"taxtabaş belə dedi" ...və sairə danışırdılar.
Bədrəddin müəllimə də xəbər çatırdı.
Günlərin bir günü mexaniki emal sexinin rəisi operator işləyən fəhləni Bədrəddin müəllimin yanına göndərir:
--Get Taxtabaş müəllimin yanına. De ki ,sənə hazırladıqları diyircəkli sanqalardan birini versin-tapşırır.
Fəhlə operator alət sexinə gəlir.Sexin girəcəyində əlləri belində dayanan qalstuklu kişiyə yaxınlaşır:
-- Salam.Mənə Taxtabaş müəllim lazımdır-deyir.
Qalstuklu adam,Bədrəddin müəllim onu başdan -ayağa süzərək :
-- A bala, məndən başqa taxtabaş var? Mənəm də.Nə lazımdır ? -soruşur.
Sexin ustası gələn oğlana istədiyi tərtibatı verib yola salır.
Həmin fəhlə-operator Bədrəddin müəllimin yanından uzaqlaşıb gedə-gedə öz-özünə gülümsəyir:
"Ada bax ee,Taxtabaş? Yox bir,Dəmirbaş?"
Onilliklər keçsə də Bədrəddin müəllimin "məndən başqa taxtabaş var" deməsi o illərdə işləyənlərin yadından çıxmayıbdır.
P.S.İndi "taxtabaş " məmurların sayı kifayət qədərdir.Onlar işləmək yox,talamaqla məşğuldurlar.