Məmməd Qədir- Mələk ömrü

Ədəbiyyat 16:53 / 11.04.2026 Baxış sayı: 383

 

Bir mənəmmi günahkar tək,

Ruhum imtahanda batır.

Hər çiyində iki mələk,

Say on beş milyarda çatır.

 

Mənə yazırlar günahı,

Savabım sağ çıxa bilmir.

Bu sayda mələk, ilahi,

Bir şeytanı yıxa bilmir.

 

Deməli mələk seyrçi,

Hesabdar işləyir ya da.

Halal etmirəm çiynimi,

Yol göstərmirsə dünyada.

 

İnsandan çoxdursa mələk,

Niyə at oynadır şeytan?

Beləmi fərsizdi lələk,

Mələklərə yazmır meydan.

 

Kimə saxlayır bəs könlü,

Kusüşmursə, barışmırsa.

Mənasızmış mələk ömrü,

Taleyimə qarışmırsa.

 

Allahım, çıxmır beyindən,

Belə demir Ana Yasa.

Bəs idi, düşüb çiyindən,

Biri qəlbində yaşasa.

 

Hökmü yoxmuş xeyrə, şərə,

Qeydə özüm də qadirəm.

Allah, bivec mələklərə,

İstefa tələb edirəm...