Bəhram Bilaloğlu - Yanır bulud altda rəngli işıqlar
Yanır bulud altda rəngli işıqlar,
Üzlərə təbəssüm bəxş etmək üçün.
Camaat, toplaşın işıq altına,
Səmanı qəlblərə nəxş etmək üçün.
Ruhları toplayın səhra düzündə,
Ərafat dağından əsir küləklər.
Haqqın dərgahının nizam yeridir,
Rəbbin əmri ilə kəsir küləklər.
Açın o əlləri — boş qayıtmasın,
Səadət ələnsin ruhların üstdə.
Tanıyın İlahi göstərən yolu,
Yollar çevirməsin sizləri büstdə.
Yoxdursa tikanı gördüyün gülün,
Səmadan süzülən zəhəri vardır.
Sığınma dünyanın şirinliyinə,
Şirinlik içində qəhəri vardır.