Ağacəfər  Həsənli  - VƏD

Ədəbiyyat 13:45 / 12.04.2026 Baxış sayı: 170

 

Həftənin yeddi günündən

buket bağladım:

yeddi gün,

yeddi gül...

Hər gün gözlədim səni,

izlədim gecə-gündüz,

sən gələn tərəfə boylandım.

Arada tərəf məlum deyildi-

məxfi uydurmam idi,

özümə təsəllim.

Yalançı fəslim.

Yeddi gün ,

yeddi gül.

Yeddi rəng,

yeddi ahəng.

Yeddi şeytan vəsvəsəsi,

yalançı Adəm fəlsəfəsi,

geydirmə meydan əsməcəsi.

Şənbə günü-

şənbə gülü.

Cümə günü-

cümə gülü.

Bazar günü-

bazar gülü.

Həftənin günləri-

boynu bükülü.

Zərif yarpaqları

dibinə tökülüb.

Harda ləngidin?!