ən qəddar, ən izsiz - Ayaz Arabaçı
ən qəddar, ən izsiz
qatildir vaxt
işini həmişə təmiz görür
əlində qan izi qalmır
eşidilmir qurbanının səsi
bir gün baxırıq ki
hamımızın axırına çıxıb.
₼ ₼ ₼ ₼
ömür axsaq at kimi
tövşüyür,
zamanın qırmancı
altında
biz hələ də düşünürük
gələcək qabaqdadır
halbuki
o artıq çoxdan keçmişdə qalıb
₼ ₼ ₼ ₼
hərəmiz bir hekayə uydurub
aldadırıq özümüzü
uydurma olsa da
çox xoşbəxtik o hekayədə
çünki həqiqət sərf eləmir
sevmək üçün, inanmaq üçün
biz o hekayədə ayrılmırıq
unutmuruq, aldatmırıq gecikmirik
hər şey vaxtında olur
hər gün bir az
daha yaxşı yalanlar uydururuq
hər gün bir az
daha inandırıcı oluruq
və bir gün
artıq ayırd edə bilmirik
hansı bizik,
hansı uydurduğumuz
₼ ₼ ₼ ₼
Sən də bilirsən ki
ayrı fəsillərdə yaşayırıq.
mən çiçək açanda üşüyürəm
sən qar yağanda
yaşamaq üçün
bir az yalan,
bir az xatirə,
bir az da ümid qatırıq ruhumuza