Vahid Aslan - Şükranlıq
Hər dəfə əl açıb, dua edəndə,
Demədim sərvət ver mənə ilahi.
Dedim gözəl-göyçək, zəkası iti,
Ağıllı övlad ver mənə ilahi.
Sağ ol, qəbul etdin dualarımı,
Verdiyin gözəllik ürəyimcədi.
Oğlum xatırladır uşaqlığımı,
Qızlarım ən zərif güldən incədi.
Onlar bənzəyirlər analarına,
Sevgim zərrə-zərrə böyüsün deyə.
Oğlum da oxşadı babalarına,
Atası onunla öyünsün deyə.
Al, sənin adına dərdim, ilahi!
Ən gözəl misramı könül bağımdan.
Al, onu da sənə verdim, ilahi!
Doğuldu bu şeirim şükranlığımdan.
22.01.2026